İyunun 28-də Heydər Əliyev Mərkəzində “Cüzeppe Verdi. Rekviyem” adlı klassik musiqi gecəsi keçirilib. Görkəmli bəstəkarın məşhur əsəri müxtəlif ölkələrdən olan musiqiçilərin ifasında təqdim olunub.

Əsəri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının Xoru və Batumi Dövlət Musiqi Mərkəzi Kapellası ifa edib.

Rusiyalı Yelena Mixailenko (soprano) bildirib ki, konsertə hazırlıq işləri yüksək templə aparılıb. Konsertdən öncə cəmi iki dəfə məşq edilib. Solistlər əvvəl bir yerdə oxumasalar da, hər şey çox gözəl alınıb.

İtalyan vokalçı Antonio Di Mateo diqqətə çatdırıb ki, Cüzeppe Verdinin “Rekviyem” əsərini məhz Bakıda oxumağından çox məmnundur. Azərbaycan vokal məktəbini müsbət dəyərləndirən musiqiçi Azərbaycan vokalçılarının Avropa ölkələrinin konsert salonlarında getdikcə daha çox çıxış etdiklərini söyləyib.

Azərbaycanlı vokalçı Azər Zadə (tenor) qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən sənətçilərin burada bir araya gəlməsi çox sevindirici haldır: “Bu, şəhərimizin müəyyən mənada təbliğidir və hamımız bundan yalnız sevinirik”.

Konsertin dirijoru, Xalq artisti Yalçın Adıgözəlov proqramı ölkəmizin mədəni həyatında gözəl bir hadisə kimi dəyərləndirərək deyib: “Dünya klassik musiqi repertuarının şah əsərlərindən birini – Cüzeppe Verdinin “Rekviyem” əsərini ifa edirik. Ümidvaram ki, bu ifa illər boyunca dinləyicilərin yaddaşından silinməyəcək. Çünki səhnədə 200 nəfər sənətkar bir araya gəlib. Uzun illər belə bir imkanın yarandığını gözləyirdik. Əlimizdən gələni etdik ki, bu hadisə Azərbaycan mədəniyyət tarixinə yazılsın”.

Almaniyadan olan Mareyke Yankovski (metso-soprano) Bakıya ilk dəfə gəldiyini deyib. Bildirib ki, azərbaycanlı sənətçilərlə işləmək çox gözəl bir təcrübədir. Çünki musiqi insanları birləşdirir.

“Rekviyem” Cüzeppe Verdinin solistlər, xor və orkestr üçün əsəridir. Əsərin ideyası 1868-ci ildə bəstəkar Coakkino Rossini vəfat edərkən yaranıb. Verdi Rossininin vəfatının ildönümü üçün matəm messası bəstələnməsi məqsədilə italyan bəstəkarlara müraciət edir. Əsərin müxtəlif hissələrinin yazılması üzrə bəstəkarlar arasında püşkatma olur və Verdiyə əsərin sonuncu hissəsi – “Libera me” düşür. Əsər 1869-cu ildə hazır olsa da, ifa edilmir. Bir ildən sonra Verdi “Rekviyem”i bütünlüklə özünün yazacağını açıqlayır. Əsər 1874-cü il mayın 22-də Milandakı Müqəddəs Mark kafedralında bəstəkarın öz dirijorluğu ilə təqdim olunur. Texniki mürəkkəbliklərlə zəngin, çoxsaylı ifaçı tələb edən yeddihissəli “Rekviyem” ilk gündən geniş auditoriyanın rəğbətini qazanıb.