UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası başa çatır
Birləşmiş Millətlər Təhsil, Elm, Mədəniyyət Təşkilatı – UNESCO-nun həm iştirakçı sayına, ölkələr üzrə əhatə dairəsinə, davametmə müddətinə, həm də qəbul etdiyi qərarların əhəmiyyətinə və doğurduğu beynəlxalq rezonansa görə ən böyük tədbiri sayıla biləcək Dünya İrs Komitəsinin illik sessiyası bu gün başa çatır.
“Bu 10 gün ərzində bizi gərgin iş, səmərəli müzakirələr gözləyir” – bu sözləri iyulun 1-də Dünya İrs Komitəsinin 43-cü sessiyasının ilk iş günü keçirilən mətbuat konfransında UNESCO baş direktorunun müavini Ernesto Ottone Ramirez bildirmişdi. Həqiqətən də, sessiyanın davam etdiyi günlər gərgin, işgüzar müzakirə və diskussiyalarla, Dünya irs siyahısı ilə bağlı təqdimatlara baxıldığı 5-7 iyul tarixi isə həm də həyəcanlı anlarla yadda qaldı. Təsadüfi deyil ki, nominasiyaları müzakirə olunan hər bir ölkənin informasiya vasitələri Bakıdan gələn xoş müjdəni xəbərlər blokunun ilk sırasında dərhal yayırdılar. Bu günlər ərzində beş qitənin bir çox ölkələrində ən azı mədəniyyət gündəmi Bakı ilə məşğul idi, bu mövzuda dünya Azərbaycan paytaxtına diqqət kəsilmişdi.
Bakı sessiyasınadək UNESCO-nun Dünya irs siyahısında 167 ölkədən 1092 irs nümunəsi vardı. 43-cü sessiyadan sonra bu say 1121-ə çatdı. Deməli, Bakıda qəbul olunan qərarlar 29 dəfə müxtəlif ölkələrdə xoş əks-səda doğurdu. Və bu sırada biz də varıq. Beləliklə, Bakıda UNESCO günləri bu gün başa çatır.