İyulun 7-də Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası işini davam etdirdi.

İclası açan sessiyanın sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev hər kəsi salamladıqdan sonra bildirdi ki, ötən gecə dünya şöhrətli braziliyalı gitaraçı, bəstəkar, müğənni, bossa-nova musiqi janrının banisi Juan Julbertu vəfat edib. Sədr Braziliya nümayəndə heyətinə başsağlığı verdi. Tanınmış musiqiçinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Portuqaliyanın iki tarixi abidəsi dünya irsinə çevrildi

 

Sonra sessiyada gündəliyə uyğun olaraq Portuqaliyanın təklif etdiyi Mafra Kral sarayı kompleksi haqqında nominasiya faylının müzakirəsi başlandı. 1737-ci ildə inşası başa çatmış tarixi-memarlıq kompleksi barədə məlumat verildi.

Dünya İrs Komitəsinin üzvlərindən Azərbaycan, Qvatemala, Uqanda, Tunis və başqa dövlətlərin təmsilçiləri təklifin düzgün hazırlandığını vurğuladılar, bir sıra tövsiyələr verdilər. Saray kompleksinin yaxşı vəziyyətdə saxlanıldığı qeyd edildi və Dünya irs siyahısına salınmasından sonra daha yaxşı qorunacağı vurğulandı. Qərar layihəsi tövsiyələr nəzərə alınmaqla qəbul edildi.

Müzakirəyə çıxarılan ikinci məsələ Portuqaliya ilə, bu ölkədəki dini-mədəni məkan – Braqa şəhəri yaxınlığındakı müqəddəs İsa dağı ziyarətgahı (Sanctuary of Bom Jesus do Monte) ilə bağlı idi. İCOMOS məruzəçisi məlumat verərək bildirdi ki, altı əsr əvvəl dağın zirvəsində inşa edilmiş kilsə və onun bufer zonasında iyirmi ildir ki, bərpa və konservasiya işləri davam edir.

Braziliya, Tunis, Zimbabve, İspaniya, Azərbaycan, Tanzaniya, Qvatemala və digər ölkələrdən çıxışçılar ziyarətgahın yerləşdiyi məkanın təbii şəraitinin də qiymətləndirilməsinin vacibliyini qeyd etdilər.

Nümayəndə heyətlərinin təklifləri qərar layihəsində nəzərə alınaraq düzəlişlər olundu və abidənin Dünya irs siyahısına salınması barədə qərar qəbul edildi.

Portuqaliya nümayəndə heyəti sessiyaya minnətdarlığını bildirdi, hər kəsi tolerantlığın hakim olduğu Braqa ziyarətgahına dəvət etdi.

 

“Qədim Pskov abidələri” nominasiyası qəbul olundu

 

Növbəti məsələ Rusiyanın Pskov şəhərinin 10 kilsə və məbədinin siyahıya salınması ilə bağlı idi.

“Qədim Pskov abidələri” adlı nominasiyaya dair İCOMOS-un məruzəsi dinlənildi. Qeyd edildi ki, Rusiya şəhərsalma və pravoslav memarlığının ən qədim və gözəl nümunələrinin olduğu Pskov şəhərində hökumət tərəfindən kifayət qədər konservasiya tədbirləri görülmür. Müzakirələrdə çıxış edən Çin, Norveç, Macarıstan və digər ölkələr Pskov şəhərinin Dünya irs siyahısına salınmasının bu qədim şəhərin qorunması baxımından faydalı olacağını vurğuladılar.

Qərar layihəsi qəbul olunduqdan sonra Rusiya nümayəndə heyəti və Pskov vilayət hökumətinin rəsmi nümayəndəsi minnətdarlıq nitqi ilə çıxış etdilər.

 

İspaniya və Britaniyanın irs nümunələri ilə bağlı müsbət qərar

 

Sessiyanın yeddinci günü daha iki nominasiya faylına baxıldı.

İspaniyanın təqdim etdiyi ilk insan məskənlərindən olan Risko Kaydo və “Qran Kanaria mədəni landşaftının müqəddəs dağları” (Kanar adalarında) haqqında nominasiya qısa müzakirələrdən sonra qəbul edildi.

Sonra Böyük Britaniyanın təqdimatı – Codrell-Bənk (Jodrell Bank) rəsədxanasına dair hesabat dinlənildi. Rəsədxananın konservasiya durumunun yaxşı olduğunu deyən məruzəçi bufer zonada aparılan tikinti ilə bağlı narahatlıq ifadə etdi.

Çıxış edən İspaniya, Norveç, Tunis, Kuba və s. ölkələrin nümayəndə heyətləri bu qədim elm ocağında bundan sonra da yeni elmi araşdırmaların aparılacağına əmin olduqlarını söylədilər.

Jodrell Bank rəsədxanası Dünya irs siyahısına daxil edildi. Qərar layihəsi qəbul olunduqdan sonra Böyük Britaniya nümayəndə heyəti sessiyaya minnətdarlıq etdi.

 

İtaliya və ABŞ UNESCO-dakı siyahısını zənginləşdirdi

 

Günün ikinci yarısında baxılan növbəti məsələ İtaliyanın təqdimatı – bu ölkənin Konelyano-Valdobbyadene bölgəsindəki Prosekko təpələri ilə bağlı nominasiya oldu.

İCOMOS nümayəndəsinin hesabatında bildirildi ki, bu mədəni relyefdə XIX əsrdən bəri heç bir sənaye obyekti inşa edilməyib, hətta üzüm bağlarında bütün kultivasiya işlərini mexaniki qaydada aparırlar. Ötən sessiyada verilən tövsiyələr nəzərə alınıb, qorunan sahə 90 min hektara çatıb. Görülən tədbirlər əsas verir ki, nominasiya Dünya irs siyahısına daxil edilsin.

Müzakirə zamanı Tunis, Azərbaycan, İspaniya, Uqanda, Küveyt, Çin və digər ölkələr müsbət rəy verdilər. Qərar layihəsi ciddi dəyişiklik olmadan qəbul edildi.

Daha sonra Amerika Birləşmiş Ştatlarının təqdim etdiyi “Frenk Lloyd Raytın 20-ci əsr memarlığı” nominasiyası müzakirəyə çıxarıldı.

İCOMOS tərəfindən hazırlanmış hesabatda vurğulandı ki, məşhur memar Frenk Lloyd Raytın “orqanik memarlıq” üslubu nəinki ABŞ-da, dünya miqyasında memarlığa öz təsirini göstərib. Qısa müzakirədən sonra layihə düzəlişsiz qəbul edildi.

ABŞ nümayəndə heyəti söz alaraq əvvəlcə Azərbaycana qonaqpərvərliyə görə minnətdarlığını bildirdi və Frenk Lloyd Raytın irsinə ehtirama görə təşəkkür etdi.

 

Son iki nominasiya ertələndi

 

Sessiyada baxılan son iki nominasiya Yamayka və Perunun təqdimatları idi.

Yamaykanın su altında qalmış Port Royal şəhəri ilə bağlı nominasiyası təkrar müzakirə olunurdu. 17-ci əsrdə salınmış şəhərin bir neçə il öncə təbii fəlakət nəticəsində su altında qalmış hissəsinin Dünya irs siyahısına salınması təklif olunub.

İCOMOS-un bu barədə hesabatında qeyd edildi ki, Port Royal şəhərinin həm su altında qalan, həm də torpaq üzərində qalan hissələri birləşdirilərək bir nominasiya kimi qarşıdakı sessiyalarda baxılmaq üçün təqdim edilsin. Yamayka heyəti İCOMOS-un mövqeyi ilə razılaşdığı üçün nominasiya təxirə salındı.

Panamanın tarixi rayonu – Amerika qitəsində Sakit okean sahilində Avropa tipli ilk şəhər olan Panama Vyexo şəhərinin xarabalıqları ilə bağlı nominasiya üçün də ertələnmə qərarı verildi.

İCOMOS üzv dövlətin bu nominasiyanı hərtərəfli əsaslandırıb növbəti sessiyaların gündəliyinə salmasını tövsiyə etdi. Geniş müzakirə yaranmadığı üçün qərar layihəsi qəbul edildi. İclasın sədri Əbülfəs Qarayev Panama nümayəndə heyətinə uğurlar arzuladı.

Bununla da Dünya irs siyahısı ilə bağlı təqdimatlara baxılması başa çatdı.

Müzakirələr bitdikdən sonra işçi qruplarının birgə qərarları, siyahıda olan nominasiyaları üzrə xırda düzəlişlərə dair qərarları nəzərdən keçirildi. Tailand və Myanmanın vahid ekoloji sistemindəki Kenq Kraçan meşələri ilə bağlı bir sıra məqamlar iki ölkə arasında və işçi qrupunda razılaşdırılaraq müvafiq qərar qəbul edildi. Daha sonra Dünya irs siyahısına daxil edilmiş nominasiyaların hüdudları ilə əlaqədar 13 kiçik dəyişiklik və düzəliş qəbul edildi.

İclasın sonunda üzv dövlətlərin məşvərət orqanları ilə müzakirələrdən sonra qəbul edilən bəyanatlar təsdiq edildi. Bu sənədlər əsasən ötən sessiyalarda üzv dövlətlərə verilmiş tövsiyələr əsasında tərtib olunub. Sənədlər geniş müzakirə edilmədən qəbul olundu.

GÜLCAHAN