Türkiyənin Azərbaycandakı keçmiş səfiri, hazırda Türk Dünyası Parlamentlər Birliyinin (TDPB) xarici əlaqələr üzrə baş koordinatoru olan Hulusi Kılıç bu günlərdə Azərbaycana səfər edib. Ölkəmizdə müxtəlif görüşlər keçirib, tədbirlərə qatılıb, o cümlədən mədəniyyət tədbirlərində iştirak edib. Onunla söhbətimiz səfər təəssüratı ilə bağlı oldu.
- Hər yerdə deyirəm ki, can Azərbaycan mənim ikinci vətənimdir. Orda mənim çox dəyərli dostlarım var. Bu ölkədə beş ilə yaxın səfir oldum. İçimdə belə bir hiss var ki, Azərbaycan ürəyimin yarısıdır, ruhum daima o torpaqlardadır. Sanki bu bir alın yazısıdır. Xanımımın adı da Azərbaycan mənşəlidir. Çünki Günay adı Türkiyədə az rast gəlinən adlardandır. Azərbaycan sanki mənim doğulduğum, böyüdüyüm bir yerdir. Azərbaycana gedərkən orada həm uşaqlığımı, həm də gəncliyimi yaşayıram. Anadoluda bir kənddə çoxuşaqlı ailədə doğuldum və kənd uşağının həyatını yaşadım. Ailədə 10 uşaq – 5 bacı, 5 qardaş olmaqla yanaşı, həm də çoxlu qohumlarımız var. Ona görə də bu həyatı şəxsi zənginliyim olaraq qəbul edirəm. Çünki həyata kənddən, torpaqdan başlamaq daha gözəldir. Belə olduqda kənd həyatını da, şəhər həyatını da yaxşı bilirsən və bütün bunlar geniş təcrübə qazandırır insana. Demək istəyirəm ki, Azərbaycan hər zaman darıxanda getmək istədiyim doğma yer kimi mənə əzizdir.
- Azərbaycana qarşı olan sevginiz qarşılıqlıdır. Hər halda bu da sizə stimul verir...
- Azərbaycan insan dəyərlərinin çox olduğu yerdir. Çox gözəl vaxt keçirirəm orda. Bütün təbəqələrdən olan insanlarla görüşməyə çalışıram. Çünki səmimiyyəti xoşlayıram, hər kəsə yaxınam. Mən orada beş ilə yaxın səfir kimi çalışdım, amma geriyə döndükdən sonra da əlaqəmi kəsmədim. Azərbaycan Prezidenti İlham Əliyev mənə orden verəndə dedim ki, harada olmağımdan asılı olmayaraq mən bir millətin səfiri olaraq çalışacağam. Məsələn, Moldovada da səfir kimi çalışarkən Azərbaycanın Moldovadakı səfirliyi ilə birlikdə gözəl işlər həyata keçirirdik.
- Bakıda səfir işləyərkən mədəniyyətə böyük dəyər verirdiniz. Azərbaycan mədəniyyət və incəsənət nümayəndələrinin bir çoxu sizin tədbirlərə qatılırdı. Bu dəfə də mədəniyyət tədbirlərinə qatıldınız. Bu mənada mədəniyyət sizin üçün nəyi ehtiva edir?
- Mədəniyyət bizim kimliyimizdir. Mədəniyyət çox önəmlidir və ona sahib çıxmaq lazımdır. Eyni zamanda da onun təmsilçilərinə dəyər vermək gərəkdir. O üzdən Azərbaycana səfər edərkən fürsət tapıb belə tədbirlərə qatılıram. Məsələn, bu dəfə tanınmış rəssam, Türkiyənin Yedditəpə Universitetində çalışan Teymur Rzayevin 60 illik yubiley tədbirində iştirak etdim və o da bundan məmnun oldu.
Bu, çox maraqlı yubiley tədbiri idi. Beynəlxalq Muğam Mərkəzində keçirilən mərasimdə Azərbaycan Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iştirak edirdilər. Belə bir tədbirdə iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm. Teymur bəyin nə qədər böyük rəssam olduğunu gördüm, qürur duydum. Onu da qeyd edim ki, Bakıya budəfəki səfərimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə də görüşdük, mədəniyyət mövzusunda maraqlı fikir mübadiləsi apardıq. Şəhid ailələri ilə bağlı tədbirdə çıxış etdim. İştirak etdiyim maraqlı tədbirlərdən biri də Azərbaycan Daxili İşlər Nazirliyinin 101-ci ildönümünə həsr edilmiş tədbir idi.
- Azərbaycana səfər zamanı bütün dost və tanışlarla görüşə bilirsinizmi?
- Təəssüf ki, hər biri üçün vaxt çatdıra bilmirəm. Mənə deyirlər ki, bir həftə azdır, gələndə iki həftə qalın. Amma iki həftə də yetməz. Bilirsiniz, məni əvvəldən tanıyan, fəaliyyətimi izləyən insanlar var. Bilirlər ki, əvvəl mövqeyim necə olubsa, indi də elədir. Mən hər şeydən öncə bir türk milliyyətçisiyəm, Azərbaycan milliyyətçisiyəm. Həyat devizim belədir: Azərbaycan üçün çalışmaq Türkiyə üçün çalışmaq, Türkiyə üçün çalışmaq Azərbaycan üçün çalışmaqdır. Azərbaycan Prezidenti İlham Əliyev deyir ki, bir millətin iki diasporu olmaz. Bunun üzərində işləmək lazımdır. Hər zaman diasporumuzun çox güclü olmasını istədim. Biz gücümüzü birləşdirəcəyik.
Mehparə SULTANOVA
Ankara