UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində iyulun 6-da Bakı Konqres Mərkəzində Böyük İpək Yolunun tarixi və mədəni irsinin qorunub saxlanılması ilə bağlı fotosərgi açılıb.
Çin Xalq Respublikası (ÇXR) tərəfindən təşkil olunan sərgi qədim İpək Yolunun Dünya irs siyahısına salınmasının 5-ci ildönümünə həsr edilib. Tədbirdə ÇXR-in Mədəni İrsin Qorunması üzrə Dövlət İdarəsinin rəhbəri Lyu Yoycoy Azərbaycanın sessiyaya yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb, Bakıda müzakirə olunan məsələlərin dünya mədəni irsinin qorunması baxımından əhəmiyyətini qeyd edib.
Fotosərgi barədə danışan Lyu Yoycoy deyib ki, əsas məqsəd İpək Yolu üzərində yerləşən ölkələrin tarixi-mədəni irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsidir.
Digər çıxış edənlər də sərgini tarixi İpək Yolu üzərində yerləşən ölkələrin mədəni irsinin təşviqi baxımından yüksək dəyərləndiriblər. Bildirilib ki, iki min il ərzində Qərblə Şərqi birləşdirən Böyük İpək Yolu, öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə, yenə də müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynayır.
Sərgidə Çinin tarixini və müasir inkişafını əks etdirən 100-ə yaxın foto nümayiş etdirilib.
Mərakeş qəzeti Bakı sessiyası haqqında
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası ilə bağlı məqalə dərc edilib.
“Bakı Dünya İrs Komitəsini qəbul edir” başlıqlı məqalədə diqqətə çatdırılır ki, 43-cü sessiyada Dünya İrs siyahısına daxil edilməsi üçün 36 müraciət nəzərdən keçirilir. Məqalədə həmçinin sessiyada müzakirə olunan digər məsələlərdən də bəhs olunur.