Ədəbi-musiqili gecə keçirilib

İyulun 5-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərqdən Qərbə əsən meh” adlı tədbir keçirildi.

Tədbir böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə və almanların Cənubi Qafqaza köçməsinin 200 illiyinə həsr olunmuşdu. Layihənin ideya müəllifi və bədii rəhbəri Xalq artisti Mehriban Zəkidir.

Ədəbi-musiqili gecədə mədəniyyət və incəsənət xadimləri, ölkəmizdə yaşayan və çalışan almanlar iştirak edirdilər. İstedadlı sənətçilərin yer aldığı sənət layihəsi tamaşaçıların marağına səbəb oldu.

Tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirən Xalq artisti Mehriban Zəki “Nəsimi ili”nin təntənə ilə davam etdiyini və mütəfəkkir şairin irsinin əsrlər sonra da böyük maraq doğurduğunu dedi.

Sonra Nəsiminin “Ey könül”, “Canda ki eşq olmadı”, “Ey təbib”, “Allahu əkbər, ey sənəm”, “Bulmuşam həqqi” və s. qəzəlləri ilə alman bəstəkarlarının məşhur musiqi əsərlərindən ibarət kompozisiya təqdim olundu. İ.S.Bax, F.Mendelson, F. Şubert kimi bəstəkarların irihəcmli musiqi əsərlərindən parçaların milli musiqi alətlərində müşayiəti marağa səbəb oldu.

Mehriban Zəki və Ziya Ağanın ifasında səslənən qəzəllər, vokalçılar İlham Nəzərov (kontrtenor), İslama Abdullayeva (soprano), muğam ifaçıları Səidə Babışova, Mütəllim Dəmirovun çıxışları ilə süslənən Şərq-Qərb sənət atmosferi hər kəsə xoş ovqat bəxş etdi.

HƏMİDƏ