Polşanın Pruşkuv şəhərində Azərbaycanın qadın rəssamlarının əsərlərindən ibarət sərgi keçirilib. Sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycan rənglərinin ahəngi” adlı layihə çərçivəsində təşkil olunub.
İyunun 30-dan iyulun 3-dək Pruşkuv şəhər Mədəniyyət və İdman sarayının qalereyasında keçirilən sərgidə Nərminə Vəliyeva, Səidə Kəbirlinskaya, Nurgül Əliyeva, Zəhra Məmmədzadə, Əzizə Sadıqova, Leyla Babayeva, Şura Zeynal, Zəhra İldırımzadə və Leyli Musayevanın əsərləri nümayiş olunub.
İyulun 1-də sərginin rəsmi açılış mərasimi keçirilib. Mərasimi Polşada fəaliyyət göstərən “Fundacja Pokolenia Pokoleniom” qeyri-hökumət təşkilatının sədri Barbara Texmoşenski açaraq sərgi barədə qonaqlara məlumat verib.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iki ölkənin əlaqələrindən bəhs edib, mədəniyyət tədbirinin Pruşkuv şəhərində keçirilməsinin təsadüfi olmadığını deyib. Bildirib ki, Bakının Xəzər rayonu ilə Polşanın bu rayonu qardaşlaşmış şəhərlər kimi sıx əlaqə saxlayır. Diplomat Azərbaycanda rəngkarlıq sənətinin zəngin tarixə malik olduğunu xatırladıb, bu sərgidə isə müasir Azərbaycan rəssamlarının əsərləri ilə tanış olmaq imkanı yaradıldığını bildirib.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva çıxış edərək sərginin təşkilinə Azərbaycan dövlətinin verdiyi dəstəyi xüsusi vurğulayıb, belə mədəniyyət tədbirlərinin xalqlar arasında körpü rolunu oynadığını deyib.
Rəssam Nərminə Vəliyeva nümayiş edilən əsərləri barədə danışıb.
Pruşkuv şəhərinin rəhbəri Pavel Mekux və Pruşkuv rayonunun starostası Kriştof Ryumuza da tədbirin əhəmiyyətini qeyd ediblər.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan tarixi və mədəniyyəti mövzusunda nəşr etdiyi kitablar, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin hazırladığı reklam bukletləri, eləcə də Bakıda fəaliyyət göstərmiş polyak əsilli memarlar haqqında kitablar hədiyyə edilib.
Qeyd edək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi oxşar mədəniyyət tədbirlərini QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə bundan əvvəl ABŞ, Avstraliya, İtaliya, Almaniya, Macarıstan və başqa ölkələrdə də təşkil edib.