Bu il avqustun 26-dan 30-dək Özbəkistanın Səmərqənd şəhərində 12-ci Beynəlxalq “Şərq Təranələri” Musiqi Festivalı keçiriləcək.

Ənənəvi festival Şərq musiqi sənətini inkişaf etdirməyi, folkloru yaymağı, Özbəkistan və digər ölkələrin xalqları arasında musiqi və sənət adət-ənənələrini paylaşması ilə yanaşı, bu sahədə elmi mübadilə aparmağı da qarşıya məqsəd qoyub. Təsadüfi deyil ki, bu il festival Beynəlxalq Folklor Təşkilatına üzvlüyə qəbul edilib.

UNESCO-nun da dəstək verdiyi festivalda indiyədək ümumilikdə 100-dən çox ölkənin təmsilçiləri iştirak edib. Builki festivala 80 ölkədən 400-dən artıq əcnəbi qonağın, eləcə də UNESCO və İSESCO nümayəndələrinin gələcəyi gözlənilir. Qeyd edək ki, Azərbaycanın musiqi xadimləri, sənətşünasları da hər il Səmərqənd festivalında iştirak edirlər.

Tədbir çərçivəsində “Şərq xalqlarının ənənəvi musiqi sənətinin inkişafı üçün gözləntilər” mövzusunda elmi-praktik konfransla yanaşı, Özbəkistanın ənənəvi musiqi ustalarının konsertləri və beynəlxalq musiqi yarışması, dəyirmi masa və seminarlar təşkil ediləcək.

Mehparə SULTANOVA