Birləşmiş Millətlər Təhsil, Elm, Mədəniyyət Təşkilatı – UNESCO-nun ən genişmiqyaslı tədbiri sayılan Dünya İrs Komitəsinin 43-cü sessiyası on gün davam edən iclaslardan, müzakirə və diskussiyalardan sonra iştirakçılar üçün təşkil edilən ziyafətlə başa çatdı.
İyulun 10-da “Gala bazaar” restoranında Dünya İrs Komitəsinin 43-cü sessiyasının bağlanışı münasibətilə keçirilən ziyafətdə müxtəlif ölkələrdən qonaqlar sessiyanın plenar iclaslarının, gərgin toplantıların yorğunluğunu çıxarmış oldular.
Mərasimdə Azərbaycanın milli rəqsləri, xalq mahnıları, eləcə də dünya musiqi nömrələri səsləndirildi. İfa olunan mahnılar, səsləndirilən musiqilər qonaqlarda xoş ovqat yaratdı. Onlar səmimi atmosferdə rəqs edib əyləndilər.
Qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsinin Bakı sessiyasında 2500-ə yaxın nümayəndə iştirak edib. Sessiyada 29 nominasiya UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Bunlardan 24-ü mədəni, 4-ü təbii və 1-i isə qarışıq (təbii və mədəni) irs məkanı ilə bağlıdır.