“Qara bağlar, Azərbaycan və Ermənistan müharibələri” (Black Orchards: Azerbaijan and Armenia’s Wars) adlı sənədli film ABŞ-ın Los-Anceles şəhərində keçirilən Hollivud Beynəlxalq qısametrajlı film festivalında “Ən yaxşı qısa sənədli film” mükafatına layiq görülüb.
Mükafatın təqdim edilməsi mərasimi gələn il yanvarın 25-də Hollivudda keçiriləcək.
Qeyd edək ki, Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı – “TRT World” tərəfindən hazırlanan filmin rejissoru və prodüseri Ataxan Kərküklü (Türkiyə), ssenari müəllifi Oubai Şahbandardır (ABŞ).
Bu il fevralın 26-da efirə gedən 26 dəqiqəlik filmdə Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəb və nəticələri, Xocalı soyqırımı barədə tamaşaçılara ətraflı məlumat verilir.
Çəkilişlərinin əsasən cəbhə bölgəsində aparıldığı sənədli filmdə Xocalı soyqırımı şahidlərinin, məcburi köçkünlərin, hərbçilərin, eləcə də rəsmi şəxslərin müsahibələrinə yer verilib. “TRT World” kanalının çəkiliş heyəti dəfələrlə Azərbaycana səfər edib, cəbhə bölgəsində, Naxçıvan Muxtar Respublikasında olub. Həmçinin çəkiliş qrupu filmin hazırlanması ilə əlaqədar ABŞ-da, Rusiyada olub, diplomatlardan, ekspertlərdən müsahibələr götürülüb.
Qarabağ münaqişəsinin şahidi olmuş, Xocalı faciəsini gözləri ilə görən və bu barədə beynəlxalq aləmə məlumatlar verən amerikalı jurnalist Tomas Qolts filmin çəkilişi ilə əlaqədar Azərbaycana gəlib, Bakıda, cəbhə bölgəsində onunla söhbətlər aparılıb. Tomas Qolts Azərbaycanda erməni təcavüzkarlığı, xüsusilə də Xocalı soyqırımı ilə bağlı şahidi olduğu faktları filmdə tamaşaçıların diqqətinə çatdırır.
Sənədli filmdə Azərbaycan Ordusunun qüdrətindən, xüsusilə də 2016-cı ilin Aprel döyüşlərindən, uğurlu Naxçıvan əməliyyatından ətraflı bəhs edilir.