“Bizim işimizə belə yüksək qiymət verdiyinizə, Azərbaycanın qonaqpərvərliyini dəyərləndirdiyinizə görə təşəkkür edirəm”
İyulun 10-da UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının sonuncu iclası keçirildi.
Sessiyanın sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev giriş sözündə on gün ərzində Bakıda çox mühüm məsələlərin müzakirə edildiyini, vacib qərarların qəbul olunduğunu vurğuladı. Nazir gərgin çalışan sessiyanın katibliyinə minnətdarlığını bildirdi.
Sonra sessiyanın hesabatının qəbul edilməsinə dair qərar layihəsi oxundu və qəbul olundu.
UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Metxild Rossler sessiyanın hazırlanmasında, təşkilində, sənəd layihələrinin ərsəyə gətirilməsində zəhməti olan, müzakirələrdə iştirak edən hər kəsə minnətdarlığını bildirdi.
Norveç, Tunis, Anqola, Kuba, Burkina Faso, Qırğızıstan, İspaniya, Braziliya, Uqanda, İndoneziya, Macarıstan, Qvatemala, Bəhreyn, Avstraliya, Zimbabve nümayəndə heyətləri təşəkkür nitqi söylədilər. Çin nümayəndə heyəti isə öz minnətdarlıq çıxışını “2020-ci ildə Dünya İrs Komitəsinin 44-cü sessiyasını qəbul edəcək Fuçjouya xoş gəlirsiniz!” çağırışı ilə bitirdi.
Sessiyanın sədri Əbülfəs Qarayev mötəbər tədbirin bağlanışı münasibətilə çıxışına bu sözlərlə başladı: “2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası Bakıda keçirilən zaman son iclasda demişdim ki, heç vaxt indiki qədər minnətdarlıq, təşəkkür sözləri eşitməmişəm. Bu gün də həmin cümləni təkrar edə bilərəm. Bizim işimizə belə yüksək qiymət verdiyinizə, Azərbaycanın qonaqpərvərliyini dəyərləndirdiyinizə görə təşəkkür edirəm. Biz komitə, məşvərətçi qurumlarla birlikdə çalışdıq, bir il ərzində hazırlıq işləri görüldü və bunun nəticəsi olaraq 43-cü sessiya belə rəvan, şəffaf və qarşılıqlı etimad şəraitində keçdi. Bütün bunlar beynəlxalq ictimaiyyətin Dünya İrs Komitəsinin fəaliyyətinə marağını göstərir. Sessiya günlərində Bakıda Gənc Peşəkarlar Forumu, Abidə Menecerləri Forumu da gerçəkləşdi”.
Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti, Azərbaycan hökuməti və öz adından UNESCO-nun baş direktoru Odre Azuleyə, baş direktorun müavini Ernesto Ottone Ramirezə, Dünya İrs Mərkəzinin direktoru Metxild Rosslerə, eləcə də komitənin üzvlərinə və bütün qonaqlara minnətdarlığını bildirdi. Nazir həmçinin sessiyanın keçirildiyi Bakı Konqres Mərkəzinin kollektivinə, köməkçilərə, gənc könüllülərə, media işçilərinə təşəkkürünü ifadə etdi.
Sonda sessiya iştirakçıları xatirə şəkli çəkdirdilər.
GÜLCAHAN