Multikulturalizm yay məktəbinin növbəti layihəsi başlayıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinə başlayıb. İyulun 15-də layihə çərçivəsində “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: dinlərarası dialoqdan fəaliyyətə doğru” mövzusunda forum keçirilib.
Forumda çıxış edən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Azərbaycanda multikulturalizm ənənələrindən bəhs edib. Qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərə və millətlərə mənsub insanlar əsrlərdir birgə yaşayırlar, bu gün multikulturalizm dövlət siyasətinin tərkib hissəsidir.
Şöbə müdiri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”nin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, bu platforma mədəniyyətlərarası dialoqun inkişafı baxımından böyük önəm kəsb edir. O, beynəlxalq multikulturalizm məktəblərinin önəmindən danışaraq bildirib ki, bu, gənclər arasında dialoqun, dostluğun yaranmasına xidmət edir.
BBMM-in icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən qış və yay məktəbləridir. IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi iyulun 15-dən 21-dək Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki və Qəbələ rayonlarında fəaliyyət göstərəcək.
Layihənin təşkilatçılarından olan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd edib ki, tolerantlıq ruhunda böyüyən Azərbaycan gəncləri təkcə ölkəmizdə deyil, həmçinin beynəlxalq tədbirlərdə də multikultural dəyərlərin təbliğ edilməsində aktiv rol oynayırlar.
Layihəyə dəstək verən Böyük Britaniyanın Gənclər Arasında Ümumi Söz (ACWAY) beynəlxalq təşkilatının direktoru Ravaad Mahyub deyib ki, müxtəlif dinlərə və millətlərə mənsub insanların bir-birilərinə münasibətdə qarşılıqlı hörmət və anlayış göstərmələri tolerantlıq üçün əsas şərtdir. O, 2016-cı ildən ACWAY-ın yüzdən çox tədbir keçirdiyini, BMT və digər beynəlxalq təşkilatlar, həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə əməkdaşlıq şəraitində çalışdığını bildirib.
Çıxışlardan sonra Azərbaycanla bağlı “Tolerantlıq diyarı” adlı videoçarx nümayiş olunub. Forum işini bölmə iclasları ilə davam etdirib.