İyulun 21-dən 27-dək Bakıda Avropa Gənclər Olimpiya Festivalı (AGOF) keçiriləcək.
Bu münasibətlə iyulun 14-də Gəncə Dövlət Filarmoniyasında konsert keçirilib.
Konsertdə “Bakı 2019” AGOF könüllülərinin ulduz səfirlərindən muğam ifaçısı Mirələm Mirələmov və Kamilə Nəbiyeva, “O Səs Türkiyə” yarışmasının finalçısı Leyla Rəhimova çıxış edib.
Tədbirin keçirilməsində əsas məqsəd Avropa Gənclər Olimpiya Festivalının dəyərlərini, habelə idman və sağlam həyat tərzini əhali arasında təbliğ etmək olub. Bu konsertin keçirildiyi məkan isə təsadüfən seçilməyib – Gəncə şəhəri Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyasının (ACES Europe) qərarına əsasən, 2019-cu il üçün idman şəhəri elan olunub.
Könüllülər tədbirin keçirilməsində mühüm rol oynayıblar, o cümlədən qonaqları festival haqqında ətraflı məlumatlandırıblar.
“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının korporativ direktoru Elçin Səfərov qeyd edib ki, zəngin idman ənənələrinə sahib Azərbaycanda son illərdə keçirilən beynəlxalq idman yarışları ölkə əhalisinin bu sahəyə marağının artmasına səbəb olub.
Məlumat verilib ki, yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.