İyulun 12-də M.F.Axundzadə adına Milli Kitabxanada “Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə jurnalın 95 illik fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Təhsil naziri Ceyhun Bayramov çıxış edərək “Azərbaycan məktəbi” jurnalının ilk elmi-pedaqoji nəşr kimi ölkəmizdə xalq maarifinin inkişafında, pedaqoji və psixoloji elmlərin təşəkkülü və formalaşmasında müstəsna rolundan danışıb. Nazir ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə “Azərbaycan məktəbi” jurnalının inkişaf dövrünü xüsusi vurğulayıb.
Qeyd edib ki, jurnal Azərbaycan müəllimlərinin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, yeni təlim texnologiyalarının təbliğinə böyük töhfələr verib. Nazir bu jurnalın əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların xatirəsini minnətdarlıqla yad edib. Jurnalın elektron arxivinin yaradılmasının xüsusi əhəmiyyətini qeyd edən nazir mətbu orqanın kollektivini yubiley münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəf jurnalın tarixi, fəaliyyətinin genişləndirilməsi barədə danışıb.
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bir əsrə yaxın tarixi olan nəşrin cəmiyyətə, maarifə verdiyi töhfələrdən bəhs edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov “Azərbaycan məktəbi” jurnalının ölkəmizin təhsil sistemində oynadığı mühüm roldan danışıb, kollektivə uğurlar arzulayıb.
Sonda jurnalın əməkdaşlarına Təhsil Nazirliyinin fəxri fərmanı təqdim edilib.