Azərbaycan

17 iyul 1487 – Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (1487 - 23.5.1524) Ərdəbildə doğulub. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. Dövrünün tanınmış şairi kimi «Xətai» təxəllüsü ilə əsərlər yazıb. 1524-cü il mayın 23-də vəfat edib, Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.

17 iyul 1898 – Ədəbiyyatşünas, publisist Əbdülvahab Hacı Zeynalabdin oğlu Məmmədzadə (Yurdsevər; 1898-1976) Bakıda anadan olub. 1923-cü ildə həbs edilib, 10 il həbs və sürgün həyatı yaşadıqdan sonra mühacirətə gedib. 60-70-ci illərdə İstanbulda Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib, Ankara dəfn olunub.

17 iyul 1953 – Xalq artisti Telman Adıgözəlov (1953 – 15.4.2010) Balakən rayonunda doğulub. Teatr və televiziya tamaşalarında maraqlı obrazlar yaradıb, “Yol əhvalatı”, “Anlamaq istəyirəm”, “Günaydın, mələyim!” və s. filmlərdə çəkilib.

17 iyul 2001 – Tarixçi, şərqşünas, akademik Sara Balabəy qızı Aşurbəyli (27.1.1906 - 2001) vəfat edib.

 

18 iyul 1018 – Böyük türk mütəfəkkiri və dövlət xadimi Nizamülmülk (tam adı Əbu Əli Əl-Həsən ət-Tusi Nizamülmülk; 1018 - 14.10. 1092) anadan olub. Səlcuq sultanları Alparslan və Məlikşahın vəziri olub, “Siyasətnamə” kitabının müəllifidir.

18 iyul 1864 – Məşhur xanəndə Keçəçi oğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu; 1864 - 20.11.1940) Şuşada doğulub. Xanəndənin ifasında muğam və xalq mahnıları Varşava və Kiyevdə qrammofon vallarına yazılıb. 1926-cı ildən Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib.

18 iyul 1927 – Tanınmış heykəltəraş, Xalq rəssamı Tokay Həbib oğlu Məmmədov (1927 – 2.5.2018) anadan olub. Üzeyir Hacıbəylinin, Nəsiminin, Füzulinin (Ömər Eldarovla birlikdə), Koroğlunun Bakıda ucaldılan heykəllərinin müəllifidir. Dövlət Rəssamlıq Akademiyasının professoru kimi gənc heykəltəraşların yetişməsinə töhfələr verib.

18 iyul 1932 – Əməkdar elm xadimi, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Azadə Cəfər qızı Rüstəmova (1932-2006) Bakıda doğulub. Kitabları: “Azərbaycan epik şeirinin inkişaf yolları”, “Məhəmməd Füzuli”, “Nizaminin poeziya sələfləri” və s.

 

19 iyul 1915 – Xalq artisti, opera müğənnisi (bariton) Ağababa Balağa oğlu Bünyadzadə (1915 – 17.12.1974) Bakının Kürdəxanı kəndində doğulub. 1938-ci ildən Akademik Opera və Balet Teatrının solisti olub: “Koroğlu” (Həsənxan), “Şahsənəm” (Xan), “Sevilya bərbəri” (Fiqaro), “Otello” (Yaqo) və s.

 

Dünya

 

17 iyul 1846 – Rus alimi, səyyah və etnoqraf Nikolay Mikluxo-Maklay (1846-1888) anadan olub. Cənub-Şərqi Asiyanın, Avstraliyanın müxtəlif xalqlarının etnoqrafiyasını tədqiq edib.

17 iyul 1888 – İsrail yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1966) Samuel Aqnon (Samuel Josef Agnon; 1888-1970) anadan olub. “Toy talvarı”, “Gecə qonağı” və s. romanların müəllifidir.

17 iyul 1889 – Amerika yazıçısı, detektiv əsərlərin müəllifi Erl Stenli Qardner (Erle Stanley Gardner; 1889-1970) anadan olub. 100-dən artıq romanın müəllifidir.

 

18 iyul 1610 – İtalyan rəssamı, Avropa realist rəngkarlığının banilərindən Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio; 28.9.1573 - 1610) vəfat edib. Məşhur əsərləri: “Tövbə edən Mariya Maqdalina”, “David və Qoliaf”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.

18 iyul 1811 – İngilis yazıçısı Uilyam Tekkerey (William Makepeace Thackeray, 1811-1863) anadan olub. “Şöhrətpərəstlik yarmarkası”, “Snoblar kitabı” və s.

 

19 iyul 1893 – Rus şairi Vladimir Mayakovski (1893 - 14.4.1930) Gürcüstanın Kutaisi bölgəsinin Baqdadi kəndində doğulub. 1906-cı ildə ailəsi Moskvaya köçüb. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin” və s. Satirik pyesləri: “Misteriya Buff”, “Hamam” və s.

Hazırladı:  Vüqar ORXAN