2009-cu ildə əsası qoyulan və ötən müddətdə dünya musiqi xəritəsində özünə layiqli yer qazanan Qəbələ Beynəlxalq Musiqi Festivalı növbəti dəfə sənətsevərlərin görüşünə gələcək.
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı dünya musiqiçilərini bir araya gətirəcək. Xarici və yerli musiqiçilərin rəğbətini qazanan, gözəl bir ənənəyə çevrilən festival bu dəfə 31 iyul – 5 avqust tarixlərində reallaşacaq.
Qəbələ festivalında Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən görkəmli musiqiçilər, ifaçılar iştirak edəcək. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları təşkil olunur. Budəfəki musiqi bayramına Rusiya, ABŞ, Macarıstan, Türkiyə, İtaliya, Gürcüstan, Çin, Ukrayna kimi ölkələrdən tanınmış ifaçı və kollektivlər, həmçinin Azərbaycanın musiqi kollektivləri dəvət olunub.
İyulun 31-də festivalın ilk konsertini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestri verəcək. Cavad Tağızadənin dirijorluğu ilə gerçəkləşəcək konsertdə solistlər Taleh Yahyayev (bariton), Nigar Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Rəsul Əliyev (fleyta), Nəzrin Aslanlı (violin), Safura Aslan (vokal), Məhəmmədəli Paşazadə (klarnet) Azərbaycan və dünya bəstəkarlarının əsərlərini təqdim edəcəklər.
1 avqust tarixində festivalın təntənəli açılış mərasimi olacaq. Mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı gözlənilir. Həmin gün Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə xalq artistləri Ülviyyə Hacıbəyova (piano) və Yeganə Axundova (piano) da səhnəyə çıxacaq. Hər il olduğu kimi, bu dəfə də festivalın proqramı zəngin və maraqlıdır.