Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA), sözün həqiqi mənasında, bir intibah yaşanır. Gələn il yaradılmasının 75 illiyini qeyd edəcək bu elm məbədində aktual problemlər araşdırılır, konfranslar, dəyirmi masalar, sərgilər keçirilir.

İyulun 13-də AMEA-nın Yüksək Texnologiyalar Parkında daha bir tədbir keçirildi. Bu, sayca artıq 6-cı olan “Fizika və lirika” elmi konfransı idi.

Məlum olduğu kimi, elm ənənəvi olaraq iki böyük şaxəyə bölünür. Bunlar dəqiq və humanitar elmlərdir. Elmlərin multidissiplinar xarakter daşıdığı müasir dövrdə dəqiq və humanitar elmlərin əlaqələri daha da intensivləşmişdir. Qeyd edək ki, dəqiq elmlər sahəsində çalışanlar arasında humanitar elmlərə, həmçinin şeirə, sənətə, musiqiyə maraq göstərənlər çoxdur. Eləcə də əksinə - ədiblər, filoloqlar, filosoflar içində dəqiq elmlərlə maraqlananlar az deyil...

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Fizika və lirika” elmi konfransı bir çox diqqətçəkən çıxışları, səslənən maraqlı fikirləri ilə yadda qaldı. Diqqəti cəlb edən əsas məsələlərdən biri konfrans çərçivəsində AMEA əməkdaşlarının çəkdiyi rəsm əsərlərindən ibarət sərginin keçirilməsi idi. Konfrans iştirakçıları əvvəlcə böyük maraqla sərgilənən əsərlərlə tanış oldular. Onların arasında Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar, Əməkdar elm xadimi, professor Ağacan Abıyev, professor Hamlet İsaxanlı və başqaları var idi.

Akademik İsa Həbibbəyli rəsm sərgilərinin əhəmiyyətini vurğulayaraq onların AMEA-da mütəmadi olaraq keçirildiyini qeyd etdi.

Akademiyanın Memarlıq və İncəsənət İnstitutunun direktoru, müxbir üzv, professor Ərtegin Salamzadə sərgi haqqında ətraflı məlumat verdi. Bildirildi ki, sərgidə ümumilikdə 12 əməkdaşın 26 əsəri nümayiş olunur. Əsərlər yağlı boya, sulu boya, qrafika və s. texnikalarda işlənmişdir. Əsərlərin bir qismi dekorativ-tətbiqi sənət xarakterli idi. Sərgidə Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları ilə yanaşı AMEA-nın digər qurumlarının – M.Füzuli adına Əlyazmalar İnstitutunun, İnformasiya Texnologiyaları İnstitutunun və

Radiasiya Problemləri İnstitutunun təmsilçiləri də öz əsərlərini nümayiş etdirirdilər. Maraqlıdır ki, sərgi iştirakçılarının tərkibi konfransın ruhunu, onun ana xəttini özündə əks etdirirdi. Burada AMEA-nın həm humanitar, həm də dəqiq elm qurumlarının bədii istedada malik nümayəndələri bir araya gəlmişdilər. Onların əsərləri ilə bərabər sərgiyə qonaq qismində qatılan professor Ağacan Abıyevin çəkdiyi mənzərə əsərləri də nümayiş etdirildi. Qonşu stendlərdə həmçinin Ədəbiyyat İnstitutunun əməkdaşlarının kitabları da sərgilənirdi.  

Artıq üçüncü dəfədir ki, “Fizika və lirika” konfransları rəsm sərgiləri ilə müşayiət olunur. Dəqiq və humanitar elmlərin birliyinin maraqlı təzahürü olan sərgi obrazlı surətdə bu iki sahənin vəhdətini ifadə edir.

Sərgilənən əsərlərin böyük əksəriyyəti peşəkar təsir bağışlayırdı. Qeyd demək lazımdır ki, təsviri sənətlə sıx təmasda olan AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşlarının xeyli hissəsi bədii təhsilə malik mütəxəssislərdir. Elm ilə yanaşı, bədii yaradıcılıq da onların fəaliyyətində mühüm yer tutur. Konfrans iştirakçıları sərgilənən əsərlərin qarşısında xeyli dayandılar. Hiss olunurdu ki, bu əsərlər insanlarda böyük təəssürat oyadır, onlara nikbin əhval-ruhiyyə, xoş ovqat bəxş edir.

Böyük təəssübkeş ziyalı və alim Xudu Məmmədovun yetirməsi olan fizikaşünas İmadəddin Əmiraslan həm də bir rəssam kimi tanınır. O, spesifik bir sahədə - beşlik simmetriyalı aperiodik ornament üslubunda kompozisiyalar işləyir. Bu üslubun özəlliyi ondadır ki, burada fon olmur, kompozisiya elementləri mərkəzdə yerləşən çıxış nöqtəsindən ətrafa yayılaraq kompozisiyanı başdan-başa bürüyür, əhatə edir. İncəsənətin çox nadir, rəmzi mahiyyətə malik bir forması olan bu üslubda sanki fizika və lirika təcəssüm olunaraq bir-birinə qovuşur.

Əməkdar rəssam Fəxrəddin Əli uzun illərdir ki, rəngli qrafika sahəsində rəsmlər yaradır. M.Füzuli adına Əlyazmalar İnstitutunda çalışan sənətkar milli folklor, ədəbiyyat, lirika mövzularında maraqlı rəsmlər, silsilə illüstrasiyalar işləyir. Dədə Qorqud, muğam sənəti, “Xəmsə”, Füzuli poeziyası mövzularında işlədiyi rəsmlər nəfis şəkildə çap olunan kitabları bəzəyir. Sərgidə qocaman rəssamın və elm xadiminin Nizaminin “Xəmsə”sinə işlənmiş illüstrasiyaları, həmçinin ölməz şairin portreti nümayiş etdirildi.

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Oksana Məmmədovanın işlədiyi üslub zəngin koloriti, maraqlı kompozisiya həlli ilə diqqət çəkir. Gənc rəssam kətan üzərində akrillə lirik-romantik tərzdə işlədiyi rəsmləri qabarıq ağ cizgilər, nöqtələrlə bəzəyərək onlara xüsusi gözəllik, təkrarolunmaz bədii ahəng verir. Onun sərgidə nümayiş olunan “Lənkəran incisi”, “Yuxu”, “Harmoniya” kimi tabloları məhz bu üslubda işlənmişdir.

Leyla Məmmədkərimova, Aysel Talıbova, Ellada Abbasova, Elşad Əliyev, Aysel Abdullayeva (Memarlıq və İncəsənət İnstitutu), Səbinə Məmmədzadə (İnformasiya Texnologiyaları İnstitutu), Baba Əliyev (Radiasiya Problemləri İnstitutu) və başqalarının mənzərə, natürmort janrlarında, miniatür üslubunda işlədiyi əsərlər də yüksək bədii effektə malikdir.

Fərəhlidir ki, ali məramı elm olan AMEA-da həqiqi bədii istedadı olan insanlar da fəaliyyət göstərir, Azərbaycan incəsənətini şərəflə təmsil edirlər. Onların yaratdığı əsərlər müasir Azərbaycan təsviri sənətinin formalaşmasında heç də az rol oynamır.

Xəzər ZEYNALOV
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru