Londonun “The Royal Opera House” incəsənət evində ənənəvi BAFTA (The British Academy of Film and Television Arts - Britaniya Film və Televiziya Sənətləri Akademiyası) mükafatlarının təqdimatı keçirilib.
Bu il 68-ci dəfə keçirilən mərasimdə 2014-cü il ərzində Britaniya kinozallarında nümayiş olunan bədii və sənədli filmlər müxtəlif nominasiyalarda mükafatlandırılıb.
Britaniya Film və Televiziya Sənətləri Akademiyasının seçiminə görə, ABŞ rejissoru Riçard Linkleyterin “Yeniyetməlik” (“Boyhood”) filmi iştirak etdiyi beş nominasiyanın üçündə qalib olub və “Ən yaxşı film” mükafatına layiq görülüb. İngilis rejissoru Ceyms Marşın “Hər şeyin nəzəriyyəsi” (“The Theory of Everything”) filmi “Ən yaxşı Britaniya filmi” mükafatına layiq görülüb.
İştirak etdiyi nominasiyalarda ən çox mükafat alan isə “Grand Budapeşt hoteli” (“The Grand Budapest Hotel”) filmi olub.
Britaniyalı Eddi Redmayn (“Hər şeyin nəzəriyyəsi” filmi) və amerikalı Culiana Mor (“Hələ də Elis” filmi) ən yaxşı aktyor və aktrisa mükafatlarına layiq görülüblər.
Xarici dildə film nominasiyasında Polşa rejissoru Pavlik Pavlikovskinin “İda” filmi ilə rusiyalı Andrey Zvyaginsevin “Leviafan” filmləri favorit idi. Britaniya Film və Televiziya Sənətləri Akademiyası birinciliyi Polşa filminə verib. Bundan öncə Rusiya rejissorunun filmi ABŞ-da “Qızıl qlobus” mükafatını qazanmışdı. Bu iki ekran əsəri builki “Oskar”a əsas namizədlərdir.
BAFTA “Oskar” və “Qızıl qlobus”dan sonra kino dünyasında üçüncü nüfuzlu mükafat sayılır.