Azərbaycan

20 iyul 1903 – Əməkdar incəsənət xadimi, teatr rejissoru Baxşı Həsən oğlu Qələndərli (1903 - 14.9.1985) anadan olub. İrəvan Azərbaycan Dram Teatrının baş rejissoru işləyib, Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərib.

 

21 iyul 1950 – Xalq artisti Məmmədbağır Bağırzadə (1950 - 30.10.2005) Bakının Nardaran kəndində doğulub. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Yadıma düşdü”) müəllifi olub.

 

22 iyul Milli Mətbuat Günüdür. 1875-ci il iyulun 22-də Azərbaycan mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. Həsən bəy Zərdabinin rəhbərliyi ilə iki il ərzində 56 sayı işıq üzü görən “Əkinçi” xalqımızın milli oyanışında mühüm rol oynayıb. Qəzetin maarifçi ideyaları çar Rusiyası hakim dairələrini narahat etmiş və o, 1877-ci ildə bağlanmışdı. “Əkinçi”dən sonra Azərbaycan milli mətbuatının yeni səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi” və digər qəzetlər nəşrə başladı.

 

22 iyul 1884 – Filosof və tarixçi, Azərbaycan Elmlər Akademiyasının akademiki Aleksandr Osipoviç Makovelski (1884 – 16.12.1969) anadan olub. 1920-1960-cı illərdə Azərbaycan Dövlət Universitetində dərs deyib, EA-nın Fəlsəfə İnstitutunun direktoru olub. Antik fəlsəfə, Yaxın Şərq xalqlarının fəlsəfəsinə dair tədqiqatların müəllifidir.

22 iyul 1941 – Xalq artisti, tanınmış diktor Yusif Mehdi oğlu Muxtarov (1941 - 25.4.2010) Sabirabad rayonunun Kürkəndi kəndində doğulub. “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” filmlərində çəkilib. Filmlərin səsləndirilməsində iştirak edib.

22 iyul 1959 – Şair Akif Səməd (Akif Səməd oğlu Məmmədov; 1959 - 6.7.2004) Qazax rayonunun Astanbəyli kəndində anadan olub.

 

23 iyul 1883 – Ədəbiyyatşünas və publisist Abdulla Sur (Abdulla Ağa Məhəmməd oğlu Məhəmmədzadə; 1883 – 8.5.1912) anadan olub. Əsərləri: “Türk ədəbiyyatına bir nəzər”, “Ədəbiyyat məcmuəsi” və s.

23 iyul 1916 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Maral Rəhmanzadə (1916 – 16.3.2008) Bakıda anadan olub. Əsərləri Moskvada Tretyakov qalereyasında, digər xarici muzeylərdə saxlanılır.

23 iyul 2011 – Tanınmış xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942-2011) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti, muğam və xalq mahnılarının (“Çahargah”, “Rast”, “Qarabağın maralı”) mahir ifaçısı olub.

 

Dünya

 

20 iyul 1304 – İtaliya intibahının görkəmli nümayəndəsi, şair Françesko Petrarka (Francesco Petrarca; 1304-1374) anadan olub.

20 iyul 1864 – İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1931) Erik Karlfeldt (Erik Axel Karlfeldt; 1864-1931) anadan olub.

20 iyul 1895 – Macar və amerikan rəssamı, fotoqraf və bəstəkar, konstruktivizm cərəyanının nümayəndəsi Laslo Mohoy-Nad (Laszlo Moholy-Nagy; 1895-1946) anadan olub.

 

21 iyul 1893 – Alman yazıçısı Hans Fallada (əsl adı Rudolf Wilhelm Friedrich Ditzen; 1893-1947) anadan olub. Əsərləri: “Anton və Herda”, “Sonra nə, balaca adam?”, “Canavarlar içində canavar” və s.

21 iyul 1899 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954) Ernest Heminquey (Ernest Miller Hemingway; 1899 – 2.7.1961) anadan olub. Əsərləri: “Kişisiz qadınlar”, “Əlvida, silah”, “Əcəl zəngi kimin üçün çalınır” (roman), “Qoca və dəniz” (povest) və s.

 

22 iyul 1889 – Amerika rejissoru, qorxu filmlərinin yaradıcılarından Ceyms Ueyl (James Whale; 1889-1957) anadan olub. Filmləri: “Köhnə qaranlıq ev”, “Gözəgörünməz adam”, “Dəmir maskalı adam” və s.

22 iyul 1926 – Rus yazıçısı Sergey Baruzdin (1926-1991) anadan olub. Əsərləri: “Qadınlar haqqında povest”, “Yarpaq tökümü” və s. Uşaqlar üçün kiçik hekayələrin müəllifidir.

 

23 iyul 1884 – Alman aktyoru, “Oskar” mükafatının ilk əcnəbi laureatı Emil Yanniqs (Emil Jannings; 1884-1950) anadan olub.

23 iyul 1888 – Amerika yazıçısı Reymond Çandler (Raymond Chandler; 1888-1959) anadan olub. Əsərləri əsasında “Dərin yuxu”, “İkiqat sığorta” və s. filmlər çəkilib.

 

24 iyul 1802 – Fransız yazıçısı, tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (Alexandre Dumas, pere; 1802 - 5.12.1870) anadan olub. Əsərləri: “Qraf Monte Kristo”, “Üç muşketyor”, “Qara zanbaq”, “Kraliça Marqo” romanları, “III Henrix və onun sarayı” dramı və s.

24 iyul 1803 – Fransız bəstəkarı Adolf Adan (Adolphe Charles Adan; 1803-1856) anadan olub. «Jizel» və «Korsar» baletlərinin müəllifidir.

24 iyul 1828 – Rus yazıçısı və ədəbiyyatşünası Nikolay Qavriloviç Çernışevski (1828-1889) anadan olub. Əsərləri: “Nə etməli” (roman), “İncəsənətin gerçəkliyə estetik münasibəti” (kulturoloji tədqiqat) və s.

24 iyul 1857 – Danimarka yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1917) Henrik Pontoppidan (1857-1943) anadan olub. Əsərləri: “Müqəddəs torpaq”, “Xoşbəxt Pyotr”, “Ölülər çarlığı”.

Hazırladı:  Vüqar ORXAN