(III yazı)

Qədimliklə müasirliyin qovuşduğu Bakı şəhərində müxtəlif mədəniyyətlərin, Qərb və Şərq memarlığının, fərqli sənət cərəyanlarının izlərinə, eyni zamanda özünəməxsus sintezinə rast gəlmək olar. “Heykəllərlə şəhər gəzintisi”ndə bu dəfə paytaxtda ucaldılmış müxtəlif xalqların tanınmış şəxsiyyətlərinin abidələri  haqqında söz açacağıq.

İlk olaraq böyük rus şairi, yazıçı və dramaturq Aleksandr Sergeyeviç Puşkinin (1799-1837) heykəlindən başlayaq. Şəhərin Puşkin və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində ucaldılan abidənin açılışı 2001-ci ilin 21 oktyabr tarixində olub. Heykəlin müəllifi rus heykəltəraşı, Rusiya İncəsənət Akademiyasının akademiki Yuri Orexovdur. Tuncdan hazırlanan abidənin hündürlüyü 3 metrdir. Müəllif Puşkini ayaq üstə, rus zadəganlarına məxsus geyimdə təsvir edib.

Qeyd edək ki, bu, Bakıda Puşkinə ucaldılmış yeganə heykəl deyil. Azərbaycan Milli Kitabxanasının Rəşid Behbudov küçəsinə baxan hissəsində binanın eyvanında qoyulmuş abidələrin sırasında da rus şairinin heykəli yer alır.

Görkəmli rumın bəstəkarı Corce Eneskunun (1881-1955) heykəli 2006-cı il oktyabrın 11-də paytaxtın 8-ci mikrorayon ərazisində ucaldılıb. Heykəlin müəllifi Xalq rəssamı Natiq Əliyevdir. Müəllif C.Eneskunu dizdən yuxarı, əlində skripka ilə təsvir edib. Məşhur bəstəkar opera, simfoniya və sonataları ilə professional rumın musiqisinin əsasını qoyub. O, Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olub.

Bakıda digər bir heykəl görkəmli Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun (1814-1861) şərəfinə ucaldılıb. Azadlıq prospekti ilə A.Bakıxanov küçəsinin kəsişməsində qoyulan, 2008-ci ilin 30 iyun tarixində açılışı olan abidənin müəllifi ukraynalı heykəltəraş İqor Qreçanikdir. Bürüncdən hazırlanan heykəldə müəllif Taras Şevçenkonun gənclik çağlarını təsvir edib. Şair “Kobzar” əsərini yazanda belə görünürdü. Bu əsər T.Şevçenko ilə birlikdə abidədə təsvir olunub. Hündürlüyü 3,5 metr olan abidəni uzaqdan ağaca da bənzətmək olar.

Azadlıq prospekti və Nəcəf Nərimanov küçəsinin kəsişməsində bir abidə var. Bu, türk dünyasının tanınmış mütəfəkkir söz sənətkarı, görkəmli özbək şairi Əlişir Nəvainin (1441-1501) heykəlidir. Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə hazırlanan heykəlin 11 sentyabr 2008-ci ildə açılışı keçirilib. Özbəkistanda yerli memar və heykəltəraşlar tərəfindən hazırlanan abidənin özü tuncdan, postamenti isə mərmərdəndir.

Türkiyə Cümhuriyyətinin qurucusu, məşhur “Yurdda sülh, cahanda sülh” şüarının müəllifi Mustafa Kamal Atatürkün (1881-1938) heykəli paytaxtımızda görkəmli şəxsiyyətlərə ucaldılan abidələr arasında xüsusi yer tutur. Heykəl Nəsimi rayonunda, Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında – Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda qərar tutub. Müəllifi Xalq rəssamı Ömər Eldarov olan heykəlin açılışı 2010-cu ilin 17 may tarixində gerçəkləşib.

Məşhur avstriyalı bəstəkar Volfqanq Amadey Motsartın (1756-1791) da Bakıda heykəli var. Dahi bəstəkar Üzeyir Hacıbəylinin Avstriyada heykəlinin ucaldılmasından sonra, 12 oktyabr 2011-ci ildə paytaxtımızda Motsarta abidə qoyulub. Heykəlin müəllifləri Xalq rəssamı Natiq Əliyev və Əməkdar incəsənət xadimi, memar-rəssam Çingiz Fərzəliyevdir.

Serb əsilli Nikola Tesla (1856-1943) müasir elektrik mühəndisliyinin banilərindən və dünyanın ən böyük ixtiraçılarından sayılır. O, kəşflərinin çoxunu ABŞ-da çalışarkən gerçəkləşdirib. Onun heykəli Azadlıq prospekti və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılıb. 8 fevral 2013-cü ildə açılışı keçirilən abidənin müəllifləri Ömər Eldarov və memar Sənan Salamzadədir. Tuncdan hazırlanan abidənin hündürlüyü postamentlə birlikdə 3,3 metrdir. Heykəli maraqlı edən cəhətlərdən biri abidənin fonunda görkəmli alimin əsas ixtiralarından olan dəyişən cərəyan generatorunu əks etdirən dekorativ pannodur. Müəlliflər Teslanı stulda əyləşmiş vəziyyətdə təsvir ediblər.

Haqqında bəhs etdiyimiz şəxsiyyətlərə ucaldılan abidələr Bakının gözəlliyinə yeni çalarlar bəxş etməklə yanaşı, şəhərin mədəni zənginliyinə də töhfələr verir. Bu heykəllər həm də ölkəmizin multikultural məkan olmasının daha bir sübutudur.

Nurəddin MƏMMƏDLİ