Dünyanın ən varlı adamlarından biri, milyarder Ceff Bezos kosmik turizm sahəsində layihələr həyata keçirir. O, kosmik turizmin inkişafının insanlara Yer planetini kənardan seyr etməyə və onun qorunması üzrə məsuliyyəti artırmağa kömək edəcəyi qənaətindədir.
“Amazon” və “Blue Origin” şirkətlərinin sahibi bildirib ki, kosmik turizmin həyata keçirilməsi erası 11 dəqiqəlik qısamüddətli uçuşlarla başlayacaq. “Sizin Yerin atmosferinin ən ucqar təbəqəsini görmək imkanınız olacaq və onda planetimizin nə dərəcədə müdafiəsiz olduğunu anlaya biləcəksiniz. Heç olmasa bir dəfə kosmosa uçan adamlar yaxşı bilirlər ki, onların düşüncə tərzində necə dəyişiklik baş verib. Bu insanlar planetimizin necə ecazkar, eyni zamanda kiçik və kövrək olduğunu dərk ediblər. Bu, Yer kürəsində - kosmosdan aşağıda yaşayanların anlaya bilməyəcəkləri hisslərdir”, - deyə milyarder əlavə edib.
“Blue Origin” şirkəti yanvarda kosmik turizm üçün nəzərdə tutulan New Shepard pilotsuz suborbital kosmik gəmisinin onuncu sınağını keçirib.