İyulun 23-də Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə “Müasir xidmətlər, yeni metodlar” adlı təlim və mərkəz tərəfindən hazırlanan metodiki tövsiyələrin təqdimatı keçirilib.
MEMİM-in direktoru Asif Usubəliyev çıxış edərək bildirib ki, təlimin təşkilində məqsəd mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Vurğulanıb ki, bu istiqamətdə müxtəlif təyinatlı metodiki tövsiyələr hazırlanır.
Tədbirdə “Mədəniyyətin təbliğində Facebook sosial şəbəkəsinin rolu və təhlükəsiz istifadə qaydaları”, “Mədəniyyət müəssisələri üçün təqdimatların hazırlanmasının müasir üsul və metodları”, “Məhdud fiziki imkanlı şəxslərin sosial-mədəni həyata adaptasiyasında muzey və muzey tipli müəssisələrin rolu”, “Heydər Əliyev mərkəzlərində ulu öndər məfkurəsinin və azərbaycançılıq ideologiyasının təbliği yolları”, “Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkili üzrə ilkin biliklər” və s. metodiki tövsiyələr təqdim edilib.
Qeyd edək ki, indiyədək Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 80-ə yaxın müxtəlif metodiki tövsiyə hazırlanıb. Bu vəsaitlərlə mərkəzin saytında (memm.az) tanış olmaq olar.