Dövlət özünün milli-mənəvi varlığını nümayiş etdirən ədəbiyyatına, incəsənətinə dəstək göstərdiyi kimi, mediaya da yardım göstərir
İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Azərbaycan milli mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Mərasimdə aparıcılar Azərbaycan milli mətbuatının tarixindən, Həsən bəy Zərdabinin yaradıcısı olduğu “Əkinçi” qəzeti ilə başlanan yolun sonrakı mərhələlərindən bəhs ediblər. Bildirilib ki, müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin milli mətbuata, jurnalistikaya göstərdiyi qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxış edərək dövlətin mətbuatın inkişafına dəstəyindən söz açıb, fond tərəfindən mütəmadi olaraq təşkil edilən müsabiqələrin də bunun göstəricisi olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, budəfəki müsabiqə 2019-cu il iyunun 8-dən iyulun 12-dək “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqamət üzrə keçirilib. Müsabiqəyə 56 KİV-dən 142 yazı təqdim edilib. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib, ümumilikdə, 111 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov milli mətbuatın yaranmasının 144-cü ildönümü münasibətilə media işçilərini təbrik edib. Azərbaycan mediasının inkişafından danışan Əli Həsənov bildirib ki, mətbuatımızın 144 ilinin 27 ili müstəqillik dövrünə aiddir.
Müstəqil mediamızın inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətlərini xatırladan Əli Həsənov deyib ki, 1998-ci ildə ümummilli liderin fərmanı ilə Azərbaycan mətbuatı üzərindən senzura ləğv olundu. Azərbaycan mediasına özünü ictimai tənzimləyə bilməsi üçün şərait yaradıldı. Jurnalistlərin iştirakı ilə Mətbuat Şurası təsis olundu. Şura mətbuatın, o cümlədən jurnalistlərin problemlərini araşdırır, dövlət qarşısında təşəbbüslərlə çıxış edir və müvafiq olaraq, dövlət tərəfindən o təşəbbüslərin ən mütərəqqilərinə dəstək verilir. “Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının təməlini qoymuşdusa, ulu öndər Heydər Əliyevin adı azad medianın banisi kimi tariximizə düşdü. Ulu öndərin 2003-cü ilə qədər bilavasitə özünün iştirakı ilə davam etdirilən media siyasəti həmin dövrdən etibarən Prezident İlham Əliyev tərəfindən ardıcıl, prinsipial şəkildə həyata keçirilir və medianın bugünkü inkişafında dövlətimizin başçısının xüsusi xidmətləri var”, - deyə Əli Həsənov qeyd edib.
Vurğulanıb ki, 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olunub, konsepsiyanı reallaşdıracaq KİVDF yaradılıb. Fond Azərbaycan dövləti tərəfindən ayrılan yardımları media ictimaiyyətinə çatdırır, mətbuatımızın ictimailəşmiş problemlərini təhlil edir, bu və ya digər təkliflərlə çıxış edir və o təkliflərə də dövlət tərəfindən dəstək verilir. Bu müddətdə Azərbaycan mediasına 50 milyon manata yaxın yardım göstərilib: “Azərbaycan dövləti hesab edir ki, mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır. Mətbuat mədəniyyətin bir hissəsidir, onun əsas sahələrindən biridir. Əgər dövlət bu gün özünün milli-mənəvi simasını, milli-mənəvi varlığını nümayiş etdirən teatrına, ədəbiyyatına, şairinə, yazıçısına, teatr xadiminə, rəssamına dəstək göstərir, yardım edirsə, nəyə görə bu yardım mediaya göstərilməməlidir. Buna görə də mediamızın inkişafı Azərbaycan dövlətinin inkişafına tam adekvatdır. Azərbaycan dövləti mədəniyyət xadimlərinə də, idmançılara da, jurnalistlərə də ev verir, onların sosial həyatının yaxşılaşdırılması istiqamətində addımlar atılır. Buna qarşı hər hansı fikir formalaşdırmaq, düşünürəm ki, sağlam məntiqin, sağlam düşüncənin nümunəsi deyil”.
Əli Həsənov sonda müsabiqədə qalib gələn jurnalistləri təbrik edərək, Milli Mətbuat Günü münasibətilə media işçilərinə xoş arzularını çatdırıb.
Daha sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Həsən bəy Zərdabi yolunun davamçıları olan Azərbaycan jurnalistlərini milli mətbuatımızın 144 illiyi münasibətilə təbrik edib, “Əkinçi”dən bəri keçən mətbuatımızın tarixinə qısa nəzər salıb, ölkəmizdə jurnalistlərə göstərilən dövlət qayğısının önəmini vurğulayıb.
Daha sonra jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Mətbuat Şurasının mükafatları sahiblərinə təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.