Sankt-Peterburqda Georg Ots adına opera artistlərinin III Beynəlxalq müsabiqəsi uğurla başa çatıb. Müsabiqədə bu il rekord sayda iştirakçı – Avropa, Asiya və Afrika qitəsini təmsil edən 160 nəfərə yaxın müğənni çıxış edib. Müsabiqə Georg Ots yaradıcılığına istinadən iki nominasiyada – opera və operetta janrlarında keçirilib.

Gənc vokalçıların seçimini aparmaq üçün dünyanın müxtəlif teatrlarının bədii rəhbərləri münsiflər heyətinə dəvət olunub. İtaliyanın La Skala teatrının musiqi rəhbəri Luka Tarjettinin rəhbərliyi ilə çalışan heyətin münsiflər heyətində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev də yer alıb.

Münsiflərin qiymətləndirməsinə əsasən, opera nominasiyasında birinci yeri Quri Quryev (Rusiya), ikinci yeri Darya Rositskaya (Rusiya), üçüncü yeri İvan Şerbatıx (Almaniya), Akılbek Piryazov (Özbəkistan) qazanıblar, operetta janrında isə Laura Minen (Almaniya) və Oleq Fedonenko (Rusiya) qalib gəliblər.

Müsabiqənin bütün turları və bağlanış mərasimi Sankt-Peterburq Akademik Simfonik Orkestrinin müşayiəti ilə keçirilib.