Berlin kinofestivalının qalibi azərbaycanlı Cəfər Pənahi oldu

Xəbər verdiyimiz kimi, fevralın 5-dən 15-dək Almaniyanın paytaxtı Berlində 65-ci beynəlxalq kinofestival (Berlinale-2015) keçirilib. Kann və Venesiya festivalları ilə yanaşı, Avropanın üç ən böyük kinofestivalından biri olan “Berlinale”də əsas müsabiqə proqramında 19 film yarışıb.

Amerikalı rejissor Darren Arofonskinin başçılıq etdiyi münsiflər heyətinin qərarına əsasən festivalın baş mükafatı - “Qızıl ayı” tanınmış İran rejissoru, əslən azərbaycanlı olan Cəfər Pənahinin “Taksi” filminə verilib. İranlı dissident kinorejissor 2010-cu ildən “ev dustağı” olduğu üçün mərasimə qatıla bilməyib. Mükafat rejissorun bacısı qızı, filmdə rol almış Hana Səidiyə təqdim edilib.
Qeyd edək ki, 1960-cı ildə İranın Şərqi Azərbaycan vilayətinin Miyanə şəhərində doğulan Cəfər Pənahi dünyaca tanınmış rejissordur. Bundan öncə Kann və Venesiya kinofestivallarının mükafatını qazanıb.
Rejissorun yarısənədli “Taksi" filmi avtomobilin interyerində, ön şüşədə quraşdırılmış videokamera ilə çəkilib. Sükan arxasında isə rejissor özüdür. Film sürücü ilə təsadüfi sərnişinlərin söhbətindən ibarətdir.
Münsiflər heyətinin sədri D.Arofonskinin sözlərinə görə, Pənahinin filmi “sənətinə, həmvətənlərinə, ölkəsinə və tamaşaçılara sevgi ilə doludur".
Festivalın jürisinin qərarına əsasən, “Gümüş ayı” mükafatı Çili rejissoru Pablo Larainin “Klub” filminə verilib. Rumıniya rejissoru Radu Cud “Aferim!” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında mükafatlandırılıb. Polyak rejissoru Malqojata Şumovskaya “Bədən” filminə görə eyni nominasiyada “Gümüş ayı” alıb. Tom Kortni və Şarlotta Remlinq ingilis rejissoru Endryu Xeyin “45 yaş” filmində ən yaxşı kişi və ən yaxşı qadın roluna görə mükafatlandırılıblar.
Rusiyalı Aleksey Germanın “Elektrik buludları altında” filmi ən yaxşı operator işi nominasiyasının qalibi olub. Eyni nominasiyada alman rejissoru Sebastyan Şipperin “Viktoriya” filminin danimarkalı operatoru Sturla Brandt Qreven də təltif olunub.
Ən yaxşı ssenari nominasiyasının qalibi Çili rejissoru Patrisia Quzmanın “Şəffaf düymə” sənədli filmi olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar