Lənkəran Dövlət Dram Teatrı iyulun 16-da Bəhram Beyzayinin “Senemar” faciəsinin tamaşası ilə 128-ci mövsümünü başa vurub. Teatrın direktoru Tofiq Heydərov bizimlə söhbətində mövsümün yekunları və gələcək yaradıcılıq planları barədə danışdı:

-  Mövsümü yaxşı nəticələrlə başa vurmuşuq. Kollektivimiz ötən ilin noyabrında İran İslam Respublikasının Həmədan şəhərində keçirilən 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında ölkəmizi təmsil etdi. Ənənəvi sənət yarışmasında yazıçı-publisist Əjdər Olun “Meşəbəyinin dostları” musiqili nağıl-tamaşası ilə çıxış etdik.

Uşaqlarda xeyirxahlıq, mərhəmət, ətrafdakılara köməklik göstərmək kimi nəcib hisləri aşılayan tamaşamız haqqında İranın kütləvi informasiya vasitələrində xəbərlər, məqalələr verildi. Belçika, İtaliya, Almaniya, Türkiyə, Norveç, Hindistan, İraq, Fransa kimi ölkələrin təmsil olunduğu festivalın bağlanış mərasimində Lənkəran teatrı münsiflər heyəti tərəfindən diplom və xatirə hədiyyələrilə mükafatlandırıldı. Onu da əlavə edim ki, teatrımız 2017-ci ildə də Həmədan şəhərində keçirilən 24-cü festivalda Azərbaycanı təmsil etmişdi.

 

- Son dövrlərdə İranla mədəni əlaqələriniz intensiv xarakter alıb...

- Tamamilə doğrudur. İran digər xarici ölkələrlə müqayisədə bizə həm məsafəcə, həm də milli dəyərlər baxımından çox yaxındır. Biz hələ beş il öncə İran İslam Respublikasının Teatr Baş İdarəsi ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə dair  memorandum imzalamışıq. Bu sənəddə müştərək tamaşaların hazırlanması, festivallarda təmsil olunmaq, qastrol səfərlərinə getmək, təcrübə mübadiləsi keçirmək və s. əksini tapıb. Memorandumun şərtləri hər iki tərəfin iştirakı ilə yüksək səviyyədə yerinə yetirilib. Bir neçə dəfə İran teatrlarının truppaları Azərbaycanda keçirilən festivallara qatılıblar. Biz də öz növbəmizdə həm Tehranda keçirilən Fəcr teatr festivallarında iştirak etmiş, həm də Rəşt, Parsabad və s. şəhərlərdə qastrol səfərlərində olmuşuq.  Bir neçə gün öncə isə - iyulun 8-dən 12-dək Zəncan şəhərində keçirilən “El” Milli Teatr Festivalında Emil Əsgərovun müəllifi və quruluşçu rejissoru olduğu “Sehrbazlar dərəsi” nağıl-tamaşası ilə iştirak edərək diplom və xatirə hədiyyəsi ilə mükafatlandırıldıq.

Ötən dövrdə iranlı rejissorlar Xeyrullah Təğiyənipur və Qərib Mənuçehri teatrımızda truppamızın iştirakı ilə iki tamaşa hazırlayıb. Hər iki tamaşa yüksək dəyərləndirilib. Onlardan sonuncusu – B.Beyzayinin “Senemar” (quruluşçu rejissor Qərib Mənuçehri) tamaşası ilə bu il avqustun 12-dən 19-na kimi Tehran şəhərində keçiriləcək Milli Ənənə Teatr Festivalında iştirak edəcəyik.

 

- Bu yaxınlarda Lənkəran teatrı ilk dəfə beynəlxalq festivala da ev sahibliyi etdi...

- Festivalın təəssüratları çox güman ki, hələ uzun müddət yaddaşlarda qalacaq.  Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində iyunun 1-dən 5-nə kimi keçirilən bu tədbirə ölkəmizin 10 sənət ocağı – Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Şəki Dövlət Dram Teatrı, Gəncə, Qax və Salyan kukla teatrları və müstəqil “Ol” teatrı qatılmışdı. Beynəlxalq festivalda həmçinin Böyük Britaniyanın “Two Destination Language” teatrı, Gürcüstanın “Azad” Teatrı, İranın “Muğan Hünər” və “Mika” teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri çıxış etdilər. Şadıq ki, bütün sənət kollektivləri yaratdığımız şəraitdən razı qaldılar.

 

- Tofiq müəllim, mövsüm ərzində hazırladığınız tamaşalar barədə nə deyə bilərsiniz?

- Əvvəlki mövsümlərdə olduğu kimi, başa çatan mövsümdə də repertuarımız zəngin olub. Ənənəvi olaraq həm milli dramaturgiya nümunələrini, həm də xarici müəlliflərin əsərlərini tamaşaya qoyuruq. Əziz Nesinin “Manyak”, T.Abdullayevin “Tilsimlənmiş qız”, M.Bayciyevin “Şənbə axşamı” və B.Beyzayinin “Senemar” tamaşalarını artıq sənətsevərlərin ixtiyarına vermişik. Görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının 120 illik yubileyinə töhfə olaraq onun “Vəfalı Səriyyə” əsərini Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovun quruluşunda tamaşaçılara təqdim edəcəyik. Serb dramaturqu M.Bulatoviçin “Qodo gəldi”, V.Əlixanlının “Dənizə baxan pəncərə” əsərlərini də tamaşaya hazırlamağı planlaşdırmışıq. 

Ağaddin BABAYEV
teatrşünas