“Bu fotolarda sanki nəsillər birləşir...”

Bakının mərkəzi küçələrindən birindəyik. İstiqlaliyyət 23 ünvanında. Emin Qəhrəmanovun Art qalereyasında “Qum dalğaları” adlı sərgini izləməyə gəlmişik. Sərgi, qonaqlar, musiqi sədaları... Amma hisslərimiz qarışıqdır. Sanki dejavu... 2019-cu ilin 18 iyul tarixindəyik, yoxsa ötən əsrin 80-ci illərində? Sərgilənən fotolar dünən, bu gün deyil, bəlkə elə gələcəyin özüdür...

Fotoqraf Rüstəm Hüseynovun çimərlik mənzərələrinə həsr olunan sərgisində sanki ötən illər bir-bir vərəqləndi. Bakının şəhər həyatından, qızmar yay günlərində üz tutduğumuz Abşeron bağları, Xəzərin qızıl qumları. Təsəvvür edilməz bir duyğudur sərgidəki anlar. Böyüyüb boya-başa çatdığın küçədə ən gözəl xatirələrin yaşandığı məqamlar sərgilənir. Hansı sənə daha çox əzizdir, hansı səni daha çox kədərləndirir – bunu da təxmin etmək çətindir...

Sərginin açılışında tanınmış kuklaçı rəssamlar, yazarlar və sənət adamları da iştirak edirdilər. Qonaqların təbrikləri, xoş sözləri bu balaca məkanda əsl bayram əhvalı yaratmışdı. Sərgilənən fotolara baxıram. Tanış mənzərələrdir. Biz uşaq olanda aprel-may aylarında dəniz sahilində dalğaların vurub kənara atdığı suitiləri görərdik. Babamla gedib onların cansız bədəninə maraqla baxardıq. Yazığım gələrdi onlara. Düşünürdüm ki, görəsən, necə olub sahilə çıxa biliblər. Axı onlar güclüdürlər və ölə bilməzlər...

Divarda asılmış fotolarda sahil, izlər, qayıqlar və əsrarəngiz dalğalar. Ağ, mirvari dalğalar. Bəlkə də R.Hüseynov bu fotoları rəngli variantda təqdim etsəydi, o qədər də effektli alınmazdı. Sərt kontrast, isti hava və sərin dəniz mənzərəsi sanki əbədiyyət verərək vaxtı dayandırıb bu fotolarda. Divar boyu düzülən fotolarda duzlu dəniz suyu və həzin mehin tamı hiss olunur. Seyr etdikcə düşünürsən... dəniz, qum, insan, külək və yaradılış bir-biri ilə təmasda olan paralel reallıqlardır.

Sərginin real aurasından fotoların dünyasına daxil olursan və burada təbiətin gözəlliyinin sehrinə düşməmək mümkün deyil. Fotolarda əks olunan bu qayıqlar isə...  Elə bilirsiniz adi taxta parçasıdır bu qayıqlar. İndi sahildə sakit dayansalar da, o qədər fırtına, təhlükə, insan həyatının ölüm-dirim məqamlarının şahidi olublar ki. Adı qayıqdır. Özü isə bir ailənin qazanc mənbəyi, ümid və sevinc payıdır...

Müəllif deyir ki, bu sərgi ilə Abşeron yayının obrazını çatdırmaq istəyir. Əsas amalı isə zamanla unudulan, görkəmini dəyişən Xəzər sahillərini tarixin yaddaşına köçürməkdir. Əmindir ki, bir çox yerli sakinlərin bu qumlu sahillərlə bağlı nostalji duyğuları, xatirələri var. Bu ərazilər həm də tarixin və mədəniyyətin bir hissəsidir. Nəsillərin davamlılığı baxımından Abşeron çimərliklərinin rəngli yuxular kimi əsrarəngizliyini gələcək nəsillərə ötürmək gözəl ideyadır.

Müəlliflə qısa söhbətimiz zamanı deyir ki, burada sərgilənən fotoların ağ-qara olmasının əsas səbəblərindən biri də zamanı itirmək məqsədi daşıyır: “Bu fotolarda sanki nəsillər birləşir. Fotoların əksəriyyəti Bilgəh, Mərdəkan, Buzovna və s. ərazilərdə ötən il lentə alınıb. Çox istərdim ki, Xəzərin sahil landşaftı bizim fotoqrafları cəlb etsin. Axı bu məkanlar hər zaman rəssamlarımızın ilham mənbəyi olub. Fotoların əksəriyyətində yalqızlığın şahidi oluruq. Yəni bu sahillərdə insan axını yoxdur. İyul-avqust aylarının ən isti günlərində yalnız fotoqraf və bir də dənizi dəlicəsinə sevən insandan başqasına rast gəlmək çətin olur”.

Müəllifi təbrik edib, ayrılarkən tanınmış sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevlə rastlaşırıq. İşləri bəyəndiyini vurğulayır, sərgini yüksək dəyərləndirir.

Fotoların qarşısında aparılan müzakirələr isə daha maraqlı təsir bağışlayırdı. Hərənin öz yanaşması, öz düşüncəsi var. Bəzən suallar birbaşa sərginin kuratoru Nurziyə Xəlilovaya ünvanlanır...

Sərgi məkanını tərk edib nostalji hisslərlə küçəyə çıxırıq. Qarşı tərəfdə gözümüzə ilk sataşan dünyanın ən cəld pianoçusu Peter Benzenin konsertinin afişası. Bir anlıq elə düşünürsən ki, dünyanın ən cəld pianoçusu elə bir neçə dəqiqə əvvəl fotolarda seyr etdiyimiz dalğalardır. Xəzərin şıltaq, gur dalğaları. Onların küləyin sürəti ilə pıçıldadığı musiqilər əvəzsizdir, təkrarsızdır.

Bir də niyə axı qum dalğaları? O vaxtlar sahilboyu balıqqulağı təpəcikləri də var idi... indi isə yalnız qum dalğaları...Gec, ya tez bu qumlar da tarixə çevriləcək. Tarixi görmək istəyənlər isə 25 iyuladək sərgini ziyarət edə bilərlər.

Lalə AZƏRİ