Azərbaycan

25 iyul 1935 – Şair, publisist, respublika Dövlət mükafatı laureatı (1980) Məstan Günər (Məstan Rəsul oğlu Əliyev; 1935-2010) Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub.

 

26 iyul 1915 – Teatr rejissoru, pedaqoq Əliheydər Ələkbərov (1915 – 3.3.1975) anadan olub. Yaradıcılığının böyük qismi Akademik Milli Dram Teatrı ilə bağlıdır. Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib.

26 iyul 1995 – Xalq yazıçısı, ictimai xadim İsmayıl Şıxlı (22.3.1919 – 1995) vəfat edib. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), Milli Məclisin deputatı (1990-1995) olub.

26 iyul 2008 – Xalq rəssamı Nadir Qənbər oğlu Əbdürrəhmanov (5.12.1925 – 2008 ) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri olub.

 

27 iyul 1991 – Əməkdar incəsənət xadimi, pianoçu, “Dan ulduzu” instrumental ansamblının qurucusu Gülarə Əziz qızı Əliyeva (1933-1991) vəfat edib. Eyniadlı muğamlar əsasında “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir.

27 iyul 2012 – Tanınmış dekorativ-tətbiqi sənət ustası, Əməkdar rəssam Zahid İsa oğlu Hüseynov (1945-2012) vəfat edib.

Dünya

25 iyul 1905 – Yəhudi əsilli Avstriya yazıçısı, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1981) Elias Kanetti (1905 – 1994) Bolqarıstanın Ruse şəhərində anadan olub. Əsərləri: “Gözqamaşma”, “Şöhrətpərəstlik komediyası”, “Kütlə və hakimiyyət” və s.

25 iyul 1929 – Rus yazıçısı, rejissor, aktyor Vasili Makaroviç Şukşin (1929 – 2.10.1974) anadan olub. Filmləri: “Belə bir oğlan yaşayır”, “Qəribə adamlar”, “Qırmızı başınağacı” (hər üçündə ssenarist, rejissor, sonuncu filmdə həm də baş rol ifaçısı).

25 iyul 1980 – Məşhur rus bard müğənnisi, şair, bəstəkar, aktyor Vladimir Semyonoviç Vısotski (25.1.1938 – 1980) vəfat edib. “Görüş yerini dəyişmək olmaz” telefilmində oynadığı Qleb Jeqlov roluna görə SSRİ Dövlət mükafatına (1987, ölümündən sonra) layiq görülüb.

 

26 iyul 1856 – İngilis (irland əsilli) yazıçı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925) Corc Bernard Şou (George Bernard Shaw; 1856 – 2.11.1950) Dublin şəhərində doğulub. “Kandida”, “Piqmalion”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Artistin məhəbbəti”, “Keşel Bayronun sənəti” romanlarının müəllifidir.

26 iyul 1885 – Fransız yazıçısı, psixoloji və bioqrafik romanların müəllifi Andre Morua (Andre Maurois – əsl adı Emile Salomon Wilhelm Herzog; 1885-1967) anadan olub.

26 iyul 1894 – İngilis yazıçısı Aldos Haksli (Aldous Leonard Huxley; 1894-1963) anadan olub.

26 iyul 1928 – Amerika kinorejissoru Stenli Kubrik (Stanley Kubrick; 1928-1999) anadan olub. Filmləri: “Spartak”, “Lolita” və s.

 

27 iyul 1824 – Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas; 1824 - 27.11.1895) anadan olub. Əsərləri: “Kameliyalı qadın” (roman və pyes), “Diana de Lis”, “Yarıqaranlıq” (pyes), “Doktor Servan” (povest) və s. “Kameliyalı qadın” əsasında C.Verdi “Traviata” operasını yazıb.

27 iyul 1835 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1906) Cozue Karduççi (Giosue Carducci; 1835-1907) anadan olub.

27 iyul 1853 – Rus yazıçısı Vladimir Korolenko (1853-1921) anadan olub. Əsərləri: “Makarın yuxusu”, “Kor musiqiçi”, “Axmaq cəmiyyətdə”, “Qazmada yaşayan uşaqlar” və s.

27 iyul 1915 – İtalyan opera müğənnisi, məşhur tenor Mario del Monako (Mario del Monaco; 1915-1982) anadan olub.

Hazırladı:  Vüqar ORXAN