İyulun 25-də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Aprel şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb.
Tədbirdə hərbçi, şair, publisist Zəminə Xınalının şəhidin xatirəsinə həsr edilən “Təki vətən yaşasın” adlı mənzum pyesi və “Müqəddəs şəhid” miniatür kitabının təqdimatı olub.
Mərkəzin rəisi vəzifəsini icra edən mayor İlkin Qayıbov çıxış edərək Sənan Axundovun ömür yolundan danışıb.
Bildirib ki, Sənan Axundov 1979-cu il sentyabrın 29-da Füzuli rayonunda anadan olub. Bakı Ali Hərbi Məktəbini, Almaniyada Hərbi Akademiyanı bitirib. Müdafiə Nazirliyi sistemində sektor müdiri vəzifəsinədək yüksəlib. Aprel hadisələrində böyük ruh yüksəkliyi ilə doğulub boya-başa çatdığı Füzuli bölgəsinə gedib və Lələtəpədə vəzifə səlahiyyətlərinin icrası zamanı zabit yoldaşlarını ölümün pəncəsindən xilas edərkən qəhrəmancasına həlak olub.
Müdafiə Nazirliyi sistemində işlədiyi müddətdə şəhid Sənan Axundov orden, medal və fəxri fərmanlara layiq görülüb.
Tədbirdə şəhidlərimizə həsr olunmuş bədii əsərlərdən söz açılıb. Yazıçılar Birliyinin üzvü Zəminə Xınalının da bu qəbildən əsərləri yüksək dəyərləndirilib.
Sonra tədbir bədii hissə ilə davam edib.