Elektron Hökumət yeni “myGov” portalı ilə vətəndaşlara xidmət edir. Milli Məkan Məlumatları İnfrastrukturu bütün dövlət orqanlarının “data”ya əsaslanan çevik qərar qəbuletmə məzmununun tətbiqinə töhfə verəcək.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iyulun 25-də Bakıda keçirilən “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” adlı konfransda deyib.

Diqqətə çatdırılıb ki, Milli Məkan Məlumatları İnfrastrukturu bütün dövlət orqanlarında “data”ya əsaslanaraq vətəndaşlara xidmət göstərəcək: “Bu vacib infrastrukturdur. Dövlət xidmətlərinin həm vətəndaşlara çatdırılması istiqamətində, həm də iqtisadi-sosial layihələrin keçirilməsi istiqamətində bu layihə fayda verən, vacib sistem olacaq”.

Vurğulanıb ki, Milli Məkan Məlumatları İnfrastrukturu rəqəmsal hökumətin zəruri komponentlərindən biridir və bu sistemin tez bir zamanda qurulması vacibdir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi milli məkan məlumatlarının ilkin mənbəyini və onları formalaşdıran aidiyyəti dövlət qurumlarının siyahısını müəyyən edir: “Artıq Milli Məkan qaydaları ilə bağlı qərar qəbul olunub. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsində ciddi işlər həyata keçirilir”.

Qeyd edək ki, “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Tədbirdə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması işlərini həyata keçirən İsrailin “Ofek Aerial Photography” şirkətinin nümayəndələri də iştirak ediblər.

Konfransın məqsədi Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması, idarə olunması, aktuallığının təmin edilməsi, inteqrasiyası və mühafizəsi ilə bağlı işləri daha da təkmilləşdirmək, sistemin yaradılması ilə əlaqədar qarşılıqlı əməkdaşlığı genişləndirmək olub.