Türk-İslam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan Nemətullah Naxçıvaninin “Şərhi-”Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsinin elektron variantı AMEA-nın Naxçıvan Bölməsinə təqdim edilib.

Türkiyənin İstanbul Universitetinin kitabxanasında saxlanılan nüsxələri Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu əldə edib.

Ehtimal olunur ki, 1500-cü ildə yazılan nüsxə avtoqrafdır. Digər nüsxənin isə üzü 1509-cu ildə, yəni müəllifin sağlığında Qaramanda katib Mənsur ibn-Qənbər Həmədani tərəfindən köçürülüb.

Nüsxələr Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun balansına daxil edilib.  Böyük filosof Şeyx Mahmud Şəbüstərinin məşhur “Gülşəni-raz” əsərinə yazılan təfsir gələcəkdə fond əməkdaşları tərəfindən araşdırılacaq.