Azərbaycan
28 iyul 1935 – Görkəmli bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (1935 – 15.9.2006) Bakıda doğulub. Oratoriya (“Odlar yurdu”, “Çanaqqala”), opera (“Ölülər”, “Natəvan”), kantata və mahnıların müəllifidir. Filmlərə musiqi (“Şərikli çörək”, “Həyat bizi sınayır”) yazıb. Bəstəkarlar İttifaqının sədri (2000-2006) olub.
28 iyul 1937 – Görkəmli bəstəkar, dirijor, Əməkdar incəsənət xadimi Müslüm Məhəmməd oğlu Maqomayev (18.9.1885 – 1937) vəfat edib. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biridir, “Şah İsmayıl” (1916), “Nərgiz” (1935) operalarını yazıb. 1924-cü ildən Opera teatrının rəhbəri və dirijoru, 1929-cu ildən Azərbaycan Radiosunun musiqi şöbəsinin rəhbəri olub.
28 iyul 1945 – Əməkdar mədəniyyət işçisi, aşıq Səyyad Məşədi oğlu Pənahov (1945 – 16.2.2019) Gədəbəy rayonunun Kərimli kəndində anadan olub.
29 iyul 1864 – Maarif və mədəniyyət xadimi, teatr təşkilatçısı Həbib bəy Mahmudbəyov (1864-1928 ) Şamaxıda anadan olub.
29 iyul 1939 – Əməkdar artist, vokal ifaçısı (bariton) Əli Həsən oğlu Haqverdiyev (1939 – 14.9.1992) Bakıda doğulub. Azərbaycan Opera və Balet Teatrının solisti olub, filmlərdə (“Dədə Qorqud”, “Şir evdən getdi”) çəkilib.
30 iyul 1942 – Tərcüməçi, ədəbiyyatşünas Fərhad Qəmbər oğlu Əliyev (1942-1996) anadan olub.
Dünya
28 iyul 1750 – Böyük alman bəstəkarı Yohann Sebastyan Bax (Johann Sebastian Bach; 31.3.1685 – 1750) vəfat edib. Operadan savayı əksər musiqi janrlarında əsərlər, o cümlədən 200-dən çox kantata, 250-dək orqan musiqisi yazıb.
28 iyul 1812 – Polşa yazıçısı və tarixçisi Yuzef Kraşevski (Jozef İgnacy Kraszewski; 1812-1887) anadan olub. “Sehrli çıraq”, “Qrafinya Kozel”, “Bryul” və s. romanların müəllifidir.
28 iyul 1866 – İngilis yazıçısı və rəssamı Beatriks Potter (Beatrix Potter; 1866-1943) anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir: “Uxti-Tuxti”, “Dovşan Piter və digər əhvalatlar”.
28 iyul 1887 – Fransız rəssamı və incəsənət nəzəriyyəçisi, dadaizm və sürrealizmin banilərindən Marsel Düşam (Marcel Duchamp; 1887-1968) anadan olub.
29 iyul 1805 – Fransız yazıçısı və tarixçisi Aleksis de Tokvil (Charles Alexis Henri Maurice Clerel de Tocqueville; 1805-1859) anadan olub. Əsərləri: “Amerikada demokratiya”, “Köhnə qayda-qanun və inqilab”.
29 iyul 1900 – İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1974) laureatı Eyvind Conson (Eyvind Olov Verner Johnson; 1900-1976) anadan olub.
29 iyul 1921 – Fransız rejissoru, dünya sənədli kinosunun tanınmış nümayəndəsi Kris Marker (Christian Bouche-Villeneuve; 1921-2012) anadan olub. Filmləri: “Uçuş zolağı”, “Günəşsiz”, “Dərinlikdə hava qırmızıdır” və s.
30 iyul 1511 – İtalyan memarı, rəssam və yazıçı Corco Vazari (Giorgio Vasari; 1511-1574) anadan olub.
30 iyul 1818 – İngilis yazıçısı Emili Bronte (Emily Jane Bronte; 1818-1848) anadan olub. Yazıçı Şarlotta Brontenin bacısıdır. Əsərləri: “Tufan aşırımı”, “Mənim qəlbim qorxaq deyil”.
31 iyul 1866 – Türk yazıçısı Xalid Ziya Uşaqlıgil (1866 – 27.3.1945) anadan olub. “Aşk-ı-memnu”, “Bir ölünün dəftəri”, “Qırıq həyatlar” və s. romanların müəllifidir.
31 iyul 1886 – Macar bəstəkarı Ferens List (Liszt Ferenc; 1811-1886) vəfat edib. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası.
31 iyul 1914 – Fransız (ispan əsilli) aktyoru, rejissor Lui de Fünes (Louis Germain David de Funes de Galarza; 1914-1983) anadan olub. “Böyük gəzinti”, “Jandarm və yadplanetlilər” və s. komediya filmləri ilə məşhurlaşıb.
Hazırladı: Vüqar ORXAN