Dünən və bu gün olduğu kimi, sabah da insanlığın əsas ünsiyyət dili musiqi olacaq. Sərhəd tanımayan, irqi, dini mənsubiyyətə, dilə bölməyən musiqi. Amma baxır necə musiqi. Yaxud nə qədər “çoxdilli” musiqi. Əsas məsələ də budur. Görəsən, bizim bu gün yaranan musiqilər də başqaları ilə ünsiyyətimizdə körpü funksiyasını qoruya, öz ənənələrinə xas yüksək nüfuz imkanlarını saxlaya biləcəkmi? Bu və digər məsələlərlə bağlı tanınmış bəstəkar, Əməkdar artist Vüqar Camalzadə ilə söhbət etdik.
- Son illərin dinləyici nəsli üçün daha çox mahnı bəstəkarı kimi xarakterizə olunursunuz. Buna münasibətiniz necədir?
- Əslində, ciddi musiqi janrında işləmək istəyim həmişə olub. İstər simfonik musiqi, istərsə də kamera musiqisi və kino musiqisi mənə çox yaxındır. Amma bəzi dönəmlər, yəni özünütəsdiq məqamında mütləq elə bir şeylər etməlisən ki, geniş dinləyici kütləsi səni tanısın, sevsin. Bunun ən yaxşı yolu mahnı janrından keçir. Çünki simfonik, irihəcmli musiqilərə yanaşma çətin olur. Amma mahnı ilə daha tez tanına bilərsən. Ona görə də bir sıra cəhdlərimdən sonra qərara gəldim ki, mahnı janrına müraciət edim. Ümumilikdə uşaqlıqdan mahnılar yazıram. Amma özümü sənətdə təsdiq etmək, kütləvi tamaşaçı sevgisi qazanmaq və əlbəttə, maddi təminatım üçün sevgi və həvəslə bu janrda yazmağa başladım. O mahnılarda da tərzimi, yolumu yaratmağa çalışdım. Böyük musiqi əsərləri üçün nəzərdə tutduğum simfonizmi, bir çox alətlərdə işləməyi mahnılarda tətbiq etdim. Ümumiyyətlə, həmişə eksperimentlər eləməyə çalışmışam. Mahnı yazanda onun qaralama, tam hazır olmayan versiyasını sənət dostlarıma göstərib fikirlərini almışam. Bir çox mahnılarımı dinləyib yaxşı fikirlər səsləndirsələr də, kütləvi sevilməyəcəyini deyiblər. Amma həmin mahnılar geniş tamaşaçı tərəfindən rəğbətlə qarşılanıb. Elə mahnılarım var 14-15 ildir ki, populyardır, sevilir və dinlənilir. Şükürlər olsun ki, bu mərhələ də keçdi və indi, istədiyim kimi, irihəcmli musiqilərlə məşğulam.
- Azərbaycanın bir çox görkəmli bəstəkarları mahnı janrına müraciət ediblər və yazdıqları mahnılar illərdir ki, sevilərək dinlənilir. Hazırda isə elə mahnılar var ki, ifaçısını sürətlə tanıdır və sadəcə qazanca hesablanır. Bu kimi işlər sizin də yaradıcılığınızda olubmu?
- Olub, inkar edə bilmərəm. Amma bunların heç birində də yola vermək və ya sifarişdir deyə yazmaq istəyim olmayıb. Sadəcə, müğənni hansısa bir mahnıma oxşar, yəni eksperiment etmədən, hazır şablon üzərindən nümunə istəyib və mən də onu yazmışam. Bu, sırf kommersiya məqsədi və gündəmdə qalmaq üçün görülən işlərdir. Artıq 3-4 ildir ki, mahnı janrı ilə məşğul olmuram.
- Vüqar müəllim, tez populyarlaşan və peşəkar yazılmış mahnı ayrı-seçkiliyi etsək, uzunömürlülük və bəstəkara iş baxımından hansı daha gərəklidir?
- Peşəkar mahnı elə yaxşı mahnıdır. Ola bilər ki, peşəkar kanonlardan istifadə edilərək yazılan mahnı olsun, amma dinləyicilərə o qədər də xoş olmasın və populyarlıq qazanmasın. Konservatoriyada təhsil aldığım 6 ildə rəhmətlik müəllimim İsmayıl Hacıbəyov mənə mahnı janrında yazmağı qadağan elədi. Səbəbi isə sadə idi. Mahnı şirin janrdır və bir melodiya bəstəkarı bütünlükdə məşğul edə bilir. Nəticədə zamanla işləmək tələb edən ciddi musiqidən uzaqlaşırsan.
Bir çox peşəkar bəstəkarlarımız olub ki, mahnı janrına müraciət etsələr də, uğurlu alınmayıb. Çünki mahnı janrı özünəməxsus yanaşma tələb edir. Mahnı ruh halıdır, ona qulaq asan insanda istər lirik, istər şən, yəni fərqli əhval yaranır. Yaxşı mahnı uzun müddət qalırsa, deməli, orada müəyyən peşəkar parametrlərə riayət olunub. Təbii ki, bu, bəstəkar və xalq mahnısı qruplaşmasının hər ikisinə aiddir. Çünki başqa halda uzunömürlü ola bilməz. Amma peşəkar baxımdan qaydalarında hazırlanmış, kanonik parametrləri yerində olan mahnılar da var ki, insanlar tərəfindən sevilmir.
- Kütləvi baxımdan 15 il öncənin dinləyici zövqünü bu gün ilə müqayisə etdikdə bundan sonrakı 15 il üçün nə düşünürsünüz? Hazırda bu mənzərə ilə bağlı fikir yürüdənlər dinləyicini zövqsüzlükdə, bəsit və bayağı melodiyaya meyillənməkdə qınayırlar...
- Təbii ki, musiqinin modelyeri bəstəkardır. Onun təqdim etdiyi musiqi həm kütləvi, həm də peşəkar olmalıdır. Bunun ən yaxşı nümunəsi dahi Üzeyir bəy Hacıbəylidir. O, istənilən bir musiqi janrında kütləviliyə, yəni insanların eşitmək istədiyinə yönəlib, onların dilində danışıb, anlayacaqlarını təqdim edib. Amma həm də peşəkar tələblərə tam cavab verərək. Danışacağımız musiqi dili xalqın dili olmalıdır, onlar bizi anlamalıdır, musiqimizdən qaçmamalıdır. Bu mənada kimlərsə “Biz daha ağıllı və zövqlüyük, kütlə anlamırsa, dinləmirsə, deməli, musiqi zövqü yoxdur” kimi hissə qapılmamalıdır.
- İstər xalq musiqisi, istərsə də klassik musiqi sahəsində bəstəkarlıq, peşəkar musiqiçilər baxımından kasadlığımız olmayıb. Belədirsə, niyə zövqün korlanması problemi ilə üz-üzəyik?
- Məsələ yüksək zövqə sahib olub, ona xitab eləməkdir. O demək deyil ki, kütləvi dinləyiciyə hesablanan mahnı aşağı səviyyəli olmalıdır. Zövqsüzlüyə gəlincə, burada əsas iş dinləyicinin üzərinə düşür. Çünki o, istənilən halda seçmək, imtina etmək haqqına malikdir. Hazırkı dövrdə Azərbaycan mədəniyyəti, peşəkar musiqisi bütünlükdə türk dünyasında ən yüksək pillədədir. Belə bir bəstəkarlıq məktəbi nümunəsi var və onun nümayəndələri ənənəni davam etdirəcəklər. Dinləyicini də hazırlamaq lazımdır. Yaxşı mənada musiqi tərbiyəsi ilə məşğul olmalıyıq. Dinləyici istənilən halda ciddi musiqiyə hazırlanmalıdır, həm də aramla. Bu isə bilavasitə bəstəkarların və onların işlərini təbliğ edən kütləvi mənbələrin işidir.
- Bir neçə teatr-konsert müəssisəsində çalışırsınız. Maraqlıdır, dramaturji material, yaxud da xoreoqrafiyaya musiqinin təsiri nə dərəcədə genişdir və burada əsas məqam nədir?
- Dövlət Rəqs Ansamblının musiqi rəhbəri, Kukla və Yuğ teatrlarının musiqi hissə müdiri, Milli Konservatoriyanın dosentiyəm. Film, teatr və rəqs musiqiləri çox fərqlidir və daha çox tətbiqi musiqilərdir. Təbii ki, əsərin bütün xarakterini, emosiyalarını özündə daşımalıdır və qabarıq görünməlidir. Bəstəkar üçün o musiqini yazmaq daha çətindir. Rejissor, baletmeysterlə iş, edirəm-göstərirəm faktoru ilə bağlı sənətdir və sən tələb olunanı icra edib ideyaya uyğun təqdim etməlisən. Əks halda tamaşaçı bir şeyə baxıb başqa bir şeyi dinləyəcək. Əsas odur ki, uyğunluq yaransın. Bunu rəqs ansamblı ilə işlədikdən sonra o qədər dərindən anladım ki, artıq teatr və kino üçün musiqi yazmaq mənim üçün daha asan oldu.
- Uşaq mahnıları da ağrılı mövzulardandır. Niyə uşaq mahnıları yazmırsınız?
- Uşaqlar üçün mahnı yazmaq çox çətindir. Həm də uşaq mahnısı və ya bəstəkarı kimi qruplaşdırma da doğru deyil. Digər tərəfdən, uşaq mahnısı dedikdə çalarsız, sadəcə, not düzümlü melodiyalar nəzərdə tutulmamalıdır. Xüsusən indiki uşaqları dinləyici kimi formalaşdırmaq çox çətindir. Çünki böyüklərdən daha tələbkardırlar.
- Bayaq artıq mahnı yazmadığınızı dediniz. Bildiyim qədərilə beynəlxalq musiqi layihələrində çalışırsınız. “Dədə Qorqud” baleti üzərində də işləyirsiniz. Niyə məhz bu mövzu?
- Simfonik variasiyaların, violonçel və fortepiano üçün sonata, üçhissəli simfoniya, kamança və simfonik orkestr üçün konsert, müzikllər, operetta işləmişəm. Hazırda Xalq yazıçısı Anarın librettosu əsasında “Dədə Qorqud” baleti üzərində işləyirəm. İkipərdəli balet inşallah, qısa zamanda tamaşaçıların ixtiyarına veriləcək. Layihə üzərində yüksək peşəkar heyət çalışır. Baletin quruluşçu rəssamı Ağaəli İbrahimov, geyim rəssamı Tahir Tahirov, baletmeysteri Eldar Əliyevdir. Mədəniyyət Nazirliyi və TÜRKSOY tərəfindən təsdiqlənən bu layihə türkdilli ölkələrdə təqdim olunacaq.
- Baleti nə kimi musiqi elementlərinə görə fərqləndirirsiniz?
- Məqsədim qədim türk intonasiyaları, türk ritmlərinin, musiqi alətlərinin simfonik orkestrlə, Avropa musiqi tərzi ilə sintezini yaratmaqdır. Burada unudulan, yaxud çox az istifadə olunan türk xalqlarına xas alətlərin də səslənməsini etmişəm. Baletə tamaşa edən hər kəs orada ümumtürk musiqi dilini dinləyib, tamaşa edəcək.
HƏMİDƏ