Uşaqların mənəvi tərbiyəsi baxımından tətillərin əla fürsət olduğu bəlli məsələdir. Onların hərtərəfli, ahəngdar inkişafı daxili hisslərindən, əhval-ruhiyyələrindən çox asılıdır. Bir də əsas odur ki, bu gün həm sosial şəbəkələr, həm də televiziya verilişləri vasitəsilə uşaqlara mənəvi-psixoloji tərbiyə, əxlaq, mədəni irsə və cəmiyyətə qarşı mərhəmət hissini aşılayaq.

İnternet əsrində biz uşaqları rahatlıq, beyin dincliyi və yuxarıda sadaladıqlarımızla təmin edə bilirikmi? Tətil günlərinin mənalı keçməsi, növbəti tədris ilində uğur qazanılması, sinif yoldaşları ilə münasibətlərinin formalaşması üçün hansı addımları atırıq, hansı işləri görürük? Bu suallarımızla əlaqədar televiziyalarımızda yay tətili günlərində nümayiş olunan verilişlər və bədii filmlər haqda mütəxəssislərin rəyini öyrəndik.

Qeyd edək ki, ötən əsrin 90-cı illərinə kimi televiziyada məktəblilər üçün əxlaqi-tərbiyəvi, maarifləndirici əhəmiyyətli verilişlər üstünlük təşkil edirdi. Bu gün isə bu verilişlər efir saatının cüzi hissəsini təşkil edir. Yaxud da elə bir saatda yayımlanır ki, həmin saatda bu verilişlərin proqrama salınması faydasız olur. Məsələn, bəzi kanallarda yay tətili günlərində səhər saat 7:30-da uşaqlar üçün nağıl-film nümayiş olunur. Bəllidir ki, səhərin bu çağında əksər uşaqlar şirin yuxuda olurlar.

Uşaqların dünyagörüşlərinin, intellektual səviyyələrinin artırılması ilə bağlı müəyyən verilişlər isə alqışlanmalıdır. Bu qəbildən verilişlərə məktəblilər tərəfindən böyük tələbat var.

Dövlət Film Fondunun əməkdaşı, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov bildirir ki, bu gün uşaqlar üçün ən çox nümayiş olunan film “Sehrli xalat”dır. Bu filmin texniki keyfiyyəti yaxşıdır: “Vaxtilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan filmlərin bir çoxunu Dövlət Film Fondunda bərpa ediblər. Uşaqlar üçün filmlərin əksəriyyəti SSRİ-nin Mərkəzi Televiziyasının sifarişi ilə çəkildiyindən rus dilindədir. “Mən nəğmə qoşuram”, “Asif, Vasif, Ağasif”, “Şir evdən getdi” və s. filmlər dublyaj edilərək təqdim olunub. Telekanallarda dublyaj şöbələri fəaliyyət göstərir və onlar bu sahədə digər filmləri dublyaj etsəydilər pis olmazdı.

Onu da qeyd edim ki, bu il Azərbaycan animasiya kinosunun 50 yaşı tamam olur. Köhnə və yeni cizgi filmlərinin nümayişi bu mənada yerinə düşər. Digər tərəfdən, bu gün nağıl-filmlər üçün ssenari qıtlığı mövcuddur. Bizim zəngin folklorumuz var. Nağılları kino dramaturgiyasına gətirmək bir az çətin olsa da, zəruridir. Bu işin müasir formaları tapılmalıdır. Bu mənada “Cırtdan və sehrli xalat” cizgi filmini misal çəkə bilərik. Telekanallarımız köhnə cizgi filmlərinin nümayişində maraqlı deyillər. Bərpa olunmuş bu filmlərin bəzilərinin texniki vəziyyəti heç də pis deyil”.

Uşaq yazarı Sevinc Nuruqızı deyir ki, hazırda uşaq ədəbiyyatı bu kateqoriyadan televiziya verilişlərindən irəlidədir: “Yazarlarımız, tirajı az olsa da, yazdıqlarını nəşr etdirib uşaqların ixtiyarına verirlər. Ədəbiyyatdan fərqli olaraq, uşaq filmləri ilə bağlı vəziyyət qənaətbəxş deyil. Çünki bu sahə çox vəsait tələb edir. Şəxsi vəsait hesabına da çətindir. Nəinki  məktəblilərin, yenicə dil açan körpələrimizin də Azərbaycan dilində cizgi filmi və bədii filmlərə çox böyük ehtiyacı var. Vaxtilə bu məsələ ilə əlaqədar sosial şəbəkədə çağırış etmişdim. Televiziyalara gəlincə, əfsus ki, bu günə kimi müasir uşaq filmi və serialı çəkilməyib. Bir yazar olaraq mənə də heç vaxt ssenari üçün müraciət olunmayıb. 5-12 yaşarası maraqlı ssenarilərim var ki, bu da uşaqlarımızın inkişafına, az da olsa, xidmət edərsə, çox şad olaram.

Əlbəttə, müasir dövrün uşaqları smartfonlara, planşetlərə daha çox meyillidirlər. Bununla bərabər, biz yenə də televiziya vasitəsilə teatr tamaşalarını nümayiş etdirə bilərik. Müasir günümüzdə uşaqların zövqünü oxşamaq üçün çoxsaylı layihələr həyata keçirmək mümkündür. Yetər ki, istək, fədakarlıq və bir də maliyyə olsun”.

Milli Televiziya və Radio Şurasının üzvü, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı qeyd edir ki, bu gün milli cizgi filmlərinin azlığı üzündən uşaqlar xarici telekanallara baxmalı olurlar. Bu filmlər də bizim mentalitetə uyğun deyil: “Yolda, küçədə görürsən ki, uşaqlar çox aqressiv davranırlar. Onlar dostluq edə bilmir, özlərinə qapanırlar. Oyuncaqlarını, yeməklərini yoldaşları ilə paylaşmaq istəmirlər. Uşaqlar bütün neqativ halları, zorakılığı  baxdıqları həmin o xarici kanallardakı filmlərdən öyrənirlər”.

“MZ” prodakşn şirkətinin direktoru Üzlüfət Qasımova deyir ki, əsasən özəl telekanallar bu sahədə qısamüddətli layihələr təqdim etməklə kifayətlənirlər. Bunun da səbəbi sponsorların belə verilişlərə marağının az olmasıdır. Biz yeddi ildir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Müasir Azərbaycan gənci” verilişini hazırlayırıq. Bu gün təkcə gənclər üçün deyil, gəncliyə qədərki dövr üçün də televiziya verilişləri və filmlər haqqında düşünməliyik. Ana dilimizdə təhsildən kənar proqramlar və psixoloji verilişlər azlıq təşkil edir. Nədən başlamalı? Yeni bir nağıl qəhrəmanına ehtiyac var. Onun milli olması o qədər də önəmli deyil. Əsas özünüdərk, özünü inkişaf istiqamətində uşaqlara yardım edə biləcək bir qəhrəman olsun.

Bəli, bu gün uşaqların milli ruhda tərbiyəsi üçün çoxsaylı layihələr reallaşdırmaq mümkündür. Filmlərdən başlayaraq, televiziya verilişlərinə qədər. Hazırda əsasən Azərbaycan Televiziyasında və İctimai Televiziyada uşaqlar üçün davamlı layihələrə rast gəlmək olur. Ölkəmizdə cəmi bir uşaq televiziya kanalı fəaliyyət göstərir – “ARB Günəş”. 2015-ci ildən uşaqların görüşünə gələn telekanalın efir proqramına müxtəlif cizgi filmləri ilə yanaşı 10-a yaxın uşaq verilişi də daxildir.

Lalə AZƏRİ