İsveçrədə yaşayan soydaşlarımız bu ölkənin ictimai və mədəni həyatına inteqrasiya səciyyəli tədbir və layihələrdə fəal iştirak etməyə çalışırlar. Bu layihələrdən biri də miqrantların mədəniyyətinin təbliğ olunması ilə bağlıdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, artıq üç ildir ki, Aargau bölgəsinin Miqrasiya və İnteqrasiya Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə məktəblərdə təqdim olunur. Layihənin rəhbəri İsveçrədəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovdur.
Q.Nəsirov bildirib ki, əsas məqsəd məktəbliləri ölkədəki miqrantların mədəniyyətləri ilə tanış etmək, onlara inteqrasiya barədə məlumat verməkdir. Layihə çərçivəsində məktəblilərə Azərbaycan rəqsləri də öyrədilir. Bunun üçün “Qarabağ” Azərbaycan məktəbinin müəllimi Gülnarə Axundova layihədə iştirak etməyə dəvət edilib. O, isveçrəli uşaqlara milli rəqslərimizi öyrədir.
Qeyd edək ki, bu yaxınlarda Aargauda 16 yaşlı məktəblilərin iştirakı ilə təqdim olunan Azərbaycan rəqsləri böyük maraqla qarşılanıb.