Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixində XI Beynəlxalq Üzeyir Hacıbəyli Musiqi Festivalı keçiriləcək. Builki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna, Gürcüstandan tanınmış musiqiçi və kollektivlərin iştirakı ilə 40-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulub.
Festival çərçivəsində sentyabrın 22-də Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və tanınmış gürcü pianoçu Xatia Buniatişvili çıxış edəcək.
Konsert proqramında Fikrət Əmirov, Niyazi və Elmira Nəzirovanın əsərləri ifa olunacaq.