Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin “Milli Kino Mükafatı” sahiblərinin adını açıqlayıb.

Bu il mükafata Azərbaycan kinematoqrafiyasına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Ramiz Fətəliyev, həmçinin 75 illik yubileyi və milli kinonun inkişafına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Əbdül Mahmudbəyov  layiq görülüb.

Mükafatlar 2 avqust – Milli Kino Günündə Nizami Kino Mərkəzində keçiriləcək mərasimdə sahiblərinə təqdim olunacaq.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin gənclər üçün təsis olunmuş “Yeni Nəfəs” kino mükafatının qaliblərini də elan edib. Kino sənətinin inkişafındakı nailiyyətlərinə görə ittifaqın gənc üzvü Fariz Əhmədov bu mükafata layiq görülüb.

İttifaq Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərmiş ustad sənətkar Həsən Seyidbəylinin 100 illiyi münasibətilə sənətkarın adına medal və təqaüd, eyni zamanda kinorejissor Rasim Ocaqov adına medal təsis edib. Mükafatlar Milli Kino Günü münasibətilə mərasimdə təqdim olunacaq.