Şimal-şərq bölgələrimizin ləziz təamları Qubada festivalda nümayiş olunub
Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 27-28 iyul tarixində Quba şəhərində təşkil olunan Regional Mətbəx Festivalı yerli sakinlər və turistlər tərəfindən böyük maraqla qarşılanıb.
Festival təşkilatçıları qismində Xaçmaz Regional Mədəniyyət İdarəsi və Quba Destinasiya Menecmenti Təşkilatı, tərəfdaş qismində isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi çıxış edib.
Nizami Gəncəvi adına istirahət parkında festivalın açılış mərasimi keçirilib.
Festival iştirakçıları əvvəlcə “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalarla tanış olublar.
Qonaqlara Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə bişirilən milli yeməklər təqdim edilib. Bölgədə yaşayan azsaylı xalqların özünəməxsus mətbəx nümunələri tədbir iştirakçılarında böyük maraq oyadıb. Festivalda yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsi peşəkarlarının məhsulları da nümayiş etdirilib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində respublikamızın bölgələri çiçəklənir, abadlaşır. Bu isə imkan verir ki, belə tədbirlər rayonlarda da təşkil olunsun.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini bölgələrimizə cəlb etmək məqsədilə müvafiq işlər həyata keçirilir. Son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb. Quba, Qusar və Xaçmaz kimi şəhərlərin yerləşdiyi şimal-şərq regionu turistlərin ən çox üz tutduğu bölgələrdəndir. Ən önəmli məsələlərdən biri də turistlərin məmnunluğuna, onların ölkəyə yenidən gəlməsinə nail olmaqdır. Bu kimi tədbirlər milli mətbəx nümunələrinin nümayişi baxımından, ümumilikdə isə Azərbaycanda son zamanlar turizmin əsas istiqamətlərindən biri sayılan mətbəx turizminin (qastro-turizm) inkişafında mühüm rol oynayır.
Qeyd olunub ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə yaradılan Quba Destinasiya Menecmenti Təşkilatı iyun ayından ilk pilot layihə olaraq fəaliyyətə başlayıb. Təşkilat regionların turizm potensialından daha səmərəli istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə yeni idarəetmə modeli olaraq fəaliyyət göstərəcək.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev Azərbaycanın zəngin mətbəxə malik olduğunu bildirərək, bu festivalın ölkəmizin müxtəlif bölgələrində milli yemək növlərinin aşkara çıxarılmasına, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət etdiyini diqqətə çatdırıb: “Azərbaycan milli mətbəxinin tarixi xalqımızın tarixi qədər qədimdir”, - deyən N.Ağayev qeyd edib ki, milli kulinariyamız öz tarixi kökləri və özünəməxsusluğu ilə fərqlənir.
Çoxsaylı qonaqların qatıldığı festival maraqlı konsert proqramı ilə davam edib. Xanəndələr – Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramovun çıxışı, müğənnilər – Əməkdar artist Anar Şuşalı, Sevda Yəhyayeva, Aynur Dadaşova və Zenfira İsmayılovanın ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Mətbəx festivalının ikinci günündə “Şahdağ Quba” hotelində məşhur aşpazlar tərəfindən regional qida sənayesinin aşpaz və mütəxəssisləri üçün ustad dərsi keçirilib.
Axşam saatlarında Nizami Gəncəvi adına istirahət parkında təşkil olunan konserti minlərlə yerli sakin və Qubaya gələn turistlər izləyiblər.