Belə bir deyim var ki, “mədəniyyət var – xalqa yaxınlaşdırır, mədəniyyət var –  xalqdan uzaqlaşdırır”. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışan kinematoqrafçıların məqsədi, məramı da çəkdikləri ekran əsərləri vasitəsilə məhz kinonu xalqa yaxınlaşdırmaq, ekran qəhrəmanlarını insanlara sevdirməkdir. “Sənət xalq üçündür” devizi altında çalışan kino xadimlərinin ərsəyə gətirdikləri bir çox filmlər məhz bu baxımdan günümüzdə də sevilir, o cümlədən gənc nəsil tərəfindən bəyənilir, baxılır. Ekranlara çıxdığı gündən geniş tamaşaçı auditoriyası toplayan, məna dəyərini itirməyən dəyərli filmlərimizdən biri də görkəmli rejissor, Xalq artisti Eldar Quliyevin 1979-cu ildə quruluş verdiyi “Babək” tarixi-bioqrafik filmidir.

Filmdə Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə Babəkin həyat və döyüş yolu öz əksini tapıb. İkiseriyalı, dövrünün çoxbüdcəli filmi olan tarixi ekran əsəri ümummilli liderimiz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində ərsəyə gəlib. Məhz Heydər Əliyevin təqdimatı əsasında SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin ayırdığı 600 min rubla  əlavə olaraq Azərbaycan Nazirlər Soveti də 1 milyon rubl məbləğində vəsait ayırmışdı. Filmdə həmin dövrə aid olan əlbəsə və rekvizitlər Azərbaycanla yanaşı Gürcüstanda, habelə Daşkənddə, Moskvada hazırlanmış, 16 fabrik film üçün 1500 dəstdən artıq paltar tikmişdi. Həmçinin Moskvadan “Mosfilm”in “süvari alayı”, eyni zamanda Naxçıvandakı  sərhəd qoşunlarının əsgərləri çəkilişlərə cəlb edilmiş, əsasən də döyüş kadrlarının çəkilişləri zamanı 4-5 min nəfər iştirak etmişdi. Bədii və texniki cəhətdən filmin qüsursuzluğunu təmin edən istedadlı və böyük potensiallı kollektivin cəmləndiyi film təkcə bir il ərzində 35 milyon tamaşaçı toplamış, 60-a yaxın ölkə tərəfindən alınmışdı.

Filmin bütün zamanlarda sevilməsinin başlıca səbəblərindən biri də klassik kino estetikasını özündə əks etdirməsidir. Tamaşaçıları uzaq tarixi keçmişin müasirinə çevirən film yaradıcı heyətin böyük zəhməti hesabına ərsəyə gəlib. Kinonu həyatiləşdirmək, tamaşaçını uzaq keçmişdə baş verən hadisələrə inandırmaq o qədər də asan deyil. Filmin rejissorunun, operatorunun, bəstəkarının, rəssamının həyatla əlaqəsi, tamaşaçılara olan diqqəti, yaradıcı heyət və seyrçi arasında qurduğu yaradıcılıq ünsiyyəti, müşahidə və hər dövr hadisələrini ekranda təhlil etmə qabiliyyəti sənətkarlıq meyarını ortaya qoyub. Bu kimi yüksək keyfiyyətlərin cəmində isə yaradıcı heyət cəmiyyətin nəzərində dövrünün qabaqcıl adamları olaraq sevilib, seçilib, məşhurlaşıb.

Film Azərbaycan kinosunun inkişafında mühüm xidmətləri olan, özünəməxsus dəst-xətti ilə seçilən görkəmli rejissor Eldar Quliyevin kinoda böyük nailiyyətidir. Yazıçı-dramaturq Ənvər Məmmədxanlının ssenarisi əsasında çəkilən filmin quruluşçu operatoru Əməkdar incəsənət xadimi, görkəmli kinooperator, kinorejissor Rasim İsmayılovdur.

Filmin ilk kadrlarından operator peşəkarlığı özünü göstərir. Döyüş səhnələrinin çəkilişləri və təbiət mənzərələri Naxçıvanda, bəzi hissələr Bakının Fatmayı kəndində, pavilyon çəkilişləri isə kinostudiyada reallaşıb. Natura çəkilişlərinin üstünlük təşkil etdiyi filmin təsvir keyfiyyətini peşəkar operator işi müəyyənləşdirib.

Yadellilər tərəfindən əsir götürülən insanların iztirablarını, döyüşçülərin qəddarlığı və istilaçı davranışlarını təqib edən panoramlı çəkilişlər, dəqiq mizanlanmış hədəflər hadisələrin qısa xronikasını təqdim edir. Uzaq keçmişin qanlı hadisələrini, gərgin və kəskin situasiyalarını iki seriyaya sığdıracaq qədər təhlil etməyə qadir olan kadrarxası ahəngdar səsin kamilliyi (aktyor Əli Zeynalov), eyni zamanda hadisələrin emosionallığını, daxili dinamikasını artıran möhtəşəm musiqi və melodiyalar (bəstəkar – Polad Bülbüloğlu) seyrçini nəfəs çəkmədən filmi izləməsinə səbəb yaradır. Ümumiyyətlə, peşəkar traktovkada mizanlanmış kadrlar baş və aparıcı, eləcə də epizod rol iştirakçılarının məqsəd və məramını məntiqli şəkildə sintez edib. Tarixi mühitin müasir şəraitlə (geyim, qrim, rekvizit, dekorasiyalar və s.) əlaqələndirilən ümumi yaradıcılıq prosesi sistemli, planlı şəkildə həyata keçirilib.

Kinonun ən məsuliyyətli sahəsi və baxımlı janrı olan tarixi hadisələrin vizual şərhi istər-istəməz kinonun tematik dairəsini genişləndirir, sənətkarın yaradıcılıq yolunu müəyyənləşdirir, təsvir və təqdimatda bədii ifadə vasitələrini zənginləşdirir. Bu mənada peşəkarların bir araya gəldiyi “Babək” filmini yaradıcı heyətin bioqrafiyasında məktəb adlandırmaq  olar.

Filmin əsas süjet xəttini VIII-IX əsrlərdə Azərbaycanda xalq kütlələrinə, Xürrəmilərin azadlıq hərəkatına başçılıq edən Babəkin qəhrəmanlığı, feodal zülmündən əziyyət çəkən xalqı üçün etdiyi şücaətlər təşkil edir. İgid sərkərdənin əqidə və xarakter baxımından müasirlərindən seçilməsi, şəxsiyyət tamlığı, yüksək amalı, azadlıq ideyaları ardınca minlərlə insanı aparma qabiliyyəti, tarixi faktlara əsaslanan ekran əsərinin ideya-məzmununu müəyyənləşdirib, tamamlayıb, əsərin bədii keyfiyyətini artırıb. Tarixi əsərin kinoya gəlməsi özü belə vizual ədəbiyyatın (kinonun) məntiqi kəsərinin artması, kinonun həyat üçün vacibliyini təsdiqləməsi, məntiqli hadisələrin yaradıcı heyətin məqsəd və istəyinə işıq salması, nəticədə isə monumental ekran əsərinin ərsəyə gəlməsi deməkdir. Filmin istər respublikamızda, istərsə də keçmiş ittifaq məkanında baxılma və sevilmə səbəbi qəhrəmanlıq mücəssəməsi olan Babəkin niyyət və məqsədinin xoşməramlı, həyat mövqeyinin ibrətamiz, şəxsiyyət kimi bəşəriyyət üçün arzuolunan obraz olmasıdır. Babək obrazında elin gücü, xalqın azadlıq istəyi, ruhu, qəhrəmanlıq əzmi cəmlənib. Bu mənada Babək bütün dövrlər və xalqlar üçün arzuolunan personajdır. Kinoda istədiyini görən tamaşaçı üçünsə bədii kino estetikasının standartlarına cavab verən bu kimi filmlər mütləq kultlaşır və yaşayır.

Çətin, həlledici məqamları əks olunan, tarixi faktlara istinad edən filmin hər bir kadrı emosiyalarla doludur. Aktyor heyətinin fərdi yaradıcılıq üslubu, bacarığı, rollarını yaşarı, inandırıcı təqdim etməsi ümumi kompozisiya tamlığına səbəb olub. Aktyorların ifasında peşəkarlıqla cilalanan xarakterlərin fərdiyyətçiliyi fonunda Orta əsrlər dövrünün ab-havası aydın təsvir olunub, uzaq keçmişin sakinləri asanlıqla müasirimizə, həmsöhbətimizə çevrilib. Filmin  şöhrətləndirdiyi ifaçıların (aktyorların) sonrakı uğurları bir daha onu sübut etdi ki, onlar yüksək sənətin keşikçiləridir. Respublikanın xalq artistləri Rasim Balayev, Amaliya Pənahova, Ənvər Həsənov, Mikayıl Mirzə, Şahmar Ələkbərov, Həsənağa Turabov, Muxtar Maniyev, əməkdar artistləri Səməndər Rzayev, Hamlet Xanızadə və başqaları tarixi obrazların fərdi xarakterlərinin cəmində kəskin və gərgin hadisələrin mahiyyətini dəqiq təhlil ediblər. Bu mənada kütləvi səhnələrin çoxluq təşkil etdiyi, mizan və məkan dəyişkənliyi bol olan filmdə obrazların kateqoriyasını müəyyənləşdirmək mümkünsüzdür. Baş və əsas rol ifaçılarının uğurlu, orijinal yaradıcılıq priyomları rejissor ideyasını, məqsədini tamaşaçıya bütünlüklə çatdırıb, ümumilikdə sənətkarların yaradıcılıq platformasını müəyyənləşdirib. Personajları yaşarı, hadisələri inandırıcı təqdim edən aktyorlarla, ssenarini zərgər dəqiqliyi qədər işləyən dramaturq və tamaşaçı arasındakı qırılmaz əlaqə quran, filmə rəğbət bəsləyənlərin çoxalmasına zəmin yaradan isə məhz rejissordur. Çünki kinorejissor  Eldar Quliyev uğurlu yaradıcılığında müsbət qəhrəmanla yanaşı ideal qəhrəman obrazı yaratmağa müvəffəq olub. 

Filmin emosional təsir gücü tamaşaçını heyrətləndirməklə yanaşı, həm də təəccübləndirir. Bir çox kadrlar, demək olar ki, Babəkin azadlıq ideyasına, insan sevgisinə köklənib. Lakonik, məntiqli dialoq və monoloqların cəmində, dövr hadisələrinin mahiyyətini cilalayan kadrların sferasında Babəkin ideyası, həyat amalı hiss olunur, diktə edilir. Babək obrazı ssenariyə uyğun olaraq tematik şəkildə yalnız tarixi qəhrəman kimi bütləşdirilməyib. Eyni zamanda o, kasıb, əliyalın, acınacaqlı durumda olan insanların yanında olan, onların halına yanan, dərdinə şərik çıxan, xilas yolu axtaran cəmiyyətin bir üzvü, xalqın qəhrəman oğlu kimi xarakterizə edilib. VIII-IX əsrin faciəsi feodal zülmkarlığında əks olunub, haqsızlığın tələfi, insanların nicatı isə qəhrəmanların doğuluşunda, varlığında təsvir edilib. Filmin başlanğıcından etibarən kəskinləşən dramatik hadisələrin gedişatı ideal qəhrəman axtarışındadır. Bu mənada filmin Babəksiz kadrlarında belə Babək arzulanır, Babək görünür. İdeal qəhrəmanını sevən, qəlbində yaşadan tamaşaçı üçün isə Babəkin təkcə döyüş yolu yox, həmçinin yaşam tərzi, həyat yolu da maraq doğurur.

Filmi böyük zəhmət, gərgin əmək hesabına ərsəyə gətirən yaradıcı heyət məqsəd və istəyinə nail olub. Ekranlara çıxmasından 40 il ötməsinə baxmayaraq, bu gün də diqqət və nəzərlər yalnız filmə yox, həmçinin kadrarxası məqamlara da köklənməkdə davam edir. Yaradıcı heyətin maraqlı, məzmunlu cavabları isə “Babək”in sirrinin daha da açılmasına, tamaşaçı qəlbində iz salmasına səbəb yaradır.    

Şəhla ƏMİRLİ
kinoşünas