Avqustun 26-dan 30-dək Özbəkistanın Səmərqənd şəhərində “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Musiqi bayramına dünyanın 70-dən çox ölkəsindən ifaçıların, həmçinin musiqişünas alimlərin qatılacağı gözlənilir.

Festivalda Azərbaycandan gənc ifaçı Pərviz Qasımov da iştirak edəcək.

Ölkəmiz müntəzəm olaraq bu nüfuzlu musiqi festivalında təmsil olunur, ötən illərdə ifaçılarımız yüksək mükafatlara layiq görülüb.

1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Xalq artisti Simarə İmanova Qran-pri mükafatını qazanıb. 20 il sonra, 2017-ci ildə Əməkdar artist, tarzən Sahib Paşazadə “Şərq təranələri”nin Qran-prisini ikinci dəfə Azərbaycana gətirib.

Bundan əlavə, Xalq artisti Alim Qasımov, həmçinin əməkdar artistlər Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Xalq artisti Zabit Nəbizadə isə ikinci yerləri tutublar.