Azərbaycan

7 avqust 1930 – Milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və  SSRİ-nin Xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (1930 – 2.6.2013) Bakıda anadan olub. Natürmort, portret, mənzərə və s. janrlarda əsərlərin, monumental freskaların müəllifidir. Teatr və balet tamaşalarına bədii tərtibat verib, “Dədə Qorqud” filminə rəsmlər çəkib. Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub.

7 avqust 1944 – Şair, ədəbiyyatşünas Əhməd Elbrus (Elbrus Misir oğlu Əhmədov; 1944-2006) Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub.

 

9 avqust 1979 – Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 26.12.1910 -1979) vəfat edib. Əsərləri: “Buludlar dağılır”, “Sularda yanğın”, “Lalə dəstəsi” və s. Rus dilindən tərcümələr edib.

 

10 avqust 1910 – Aktyor, rejissor İsmayıl Mahmud oğlu Əfəndiyev (1910 – 30.5.1967) Göyçayda anadan olub. “Arşın mal alan” (1945), “Fətəli xan”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Kölgələr sürünür” filminə quruluş (Ş.Şeyxovla birgə) verib.

10 avqust 1913 – Xalq rəssamı Kazım Məmmədəli oğlu Kazımzadə (1913 – 6.10. 1992) anadan olub. Opera tamaşaları («Leyli və Məcnun», «Koroğlu») və filmlərin (“Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “Qanun naminə”, “Qanlı zəmi” və s.) geyim üzrə rəssamı olub. 1942-ci ildən ömrünün sonunadək Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru işləyib.

10 avqust 1946 – Nasir, tərcüməçi Aydın Ələkbər oğlu Abdullayev (1946 - 15.12.1995) anadan olub.

10 avqust 1949 – Xalq artisti Qəndab Nəbi qızı Quliyeva (1949 – 26.6.2017) Füzuli rayonunun Dilağarda kəndində doğulub. Opera tamaşalarında Leyli, Əsli (“Leyli və Məcnun”, “Əsli və Kərəm” - Ü.Hacıbəyli), Ərəbzəngi (“Şah İsmayıl” - M.Maqomayev) və s. partiyaları ifa edib.

 

Dünya

 

7 avqust 1867 – Alman ekspressionist rəssamı Emil Nolde (Hansen; 1867-1956) anadan olub.

7 avqust 1911 – Amerika aktyoru və kinorejissoru Nikolas Rey (Nicholas Ray; 1911-1979) anadan olub. “İdealsız üsyankar” filminə görə “Oskar” mükafatı alıb.

 

8 avqust 1928 – Rusiyanın Xalq artisti Nina Menşikova (1928-2007) anadan olub. Çəkildiyi filmlər: “Əsgər haqqında ballada”, “Qızlar” və s.

 

9 avqust 1899 – Avstraliya əsilli ingilis yazıçısı Pamela Trevers (Pamela Lyndon Travers – əsl adı Helen Lyndon Goff; 1899-1996) anadan olub. «Meri Poppinsin macəraları» seriyasından əsərlərin müəllifidir.

9 avqust 1963 – Amerika müğənnisi Uitni Hyuston (Whitney Elizabeth Houston; 1963 - 11.2.2012) anadan olub. Dəfələrlə “Qremmi” və “Emmi” mükafatı qazanıb.

9 avqust 1975 – Görkəmli rus bəstəkarı, pedaqoq Dmitri Şostakoviç (25.9.1906 – 1975) vəfat edib. “Mtsen qəzasının ledi Makbeti” operasının, “Qızıl əsr”, “İşıqlı bulaq” və s. baletlərin, dünya musiqi xəzinəsinə daxil olan 15 simfoniyanın müəllifidir. Filmlərə (“Ovod”, “Hamlet”) musiqi yazıb.

 

10 avqust 1845 – Qazax klassik ədəbiyyatının banisi, maarifçi şair Abay (əsl adı İbrahim Kunanbayev; 1845-1904) anadan olub. “Qara söz” adlı 45 pritça və fəlsəfi traktatdan ibarət poema ədibin ən böyük əsəridir.

10 avqust 1895 – Rus şairi və yazıçısı Mixail Zoşenko (1895-1958) anadan olub. Əsərləri: “Qaytarılmış gənclik”, “Taras Şevçenko” povestləri və s.

10 avqust 1912 – Braziliya yazıçısı Jorji Amadu (Jorge Amado; 1912-2001) anadan olub. Romanları: “Möcüzələr köşkü”, “Müqəddəsin yox olması”, “Qumsallıq kapitanları” və s.

10 avqust 1960 – Gürcü aktyoru Mamuka Kikaleyşvili (1960 - 3.5.2000) anadan olub. Azərbaycanda rejissor Vaqif Mustafayevin «Yaramaz» filmində (Hətəm), Rusiyada “Pasport”, “Deribasov küçəsində hava yaxşıdır” və s. filmlərdə çəkilib.

Hazırladı:  Vüqar ORXAN