Kinoseans - bir filmə üç baxış

Səmimi insan münasibətləri, detektivə parodik yanaşma, əla yumor hissi

Son illər milli kino sənayemizdə istehsal olunan filmlər həm janr və mövzu etibarilə, həm də tamaşaçı rəğbəti və peşəkar tənqidçi rəyi baxımından kifayət qədər müxtəlifdir. Bu sayımızdan başlayaraq “Kinoseans” rubrikasında yeni filmlərimizə fərqli baxışları, rəy və mülahizələri diqqətə çatdıracağıq. İlk müraciət etdiyimiz ekran əsəri 2014-cü ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Axırıncı dayanacaq” filmidir.

İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polis polkovnikinin həyatından bəhs edir. Filmin rejissoru Fikrət Əliyev, ssenari müəllifi Fikrət Əliyev və İlqar Fəhmidir. Rejissor ekran əsəri haqqında bunları demişdi: “Axırıncı dayanacaq" uzun illərdən sonra çəkdiyim filmdir. Müsbət fikirlər də səsləndi, tənqidlər də. Əslində mən sağlam tənqidin tərəfdarıyam. İstəyirəm, filmin müzakirəsi olsun. Həm müsbət, həm də mənfi tərəfləri peşəkarlar tərəfindən müzakirə edilsin”.
Biz də bu müzakirəni açmaq qərarına gəldik.

Filmdə önə keçən sosial reallıq komediya janrının qaydaları ilə qovuşmur

Aydın Dadaşov (Əməkdar incəsənət xadimi, kinodramaturq):
- Fikrət Əliyevin quruluş verdiyi filmlər Abşeron mühitini və personajlarını ekrana gətirməklə müəllifin peşəkar üslubunda önəm verdiyi əsas məqamı önə çəkir. Filmin çəkilişlərindən əvvəl onun on gün ərzində sakin kimi yaşadığı qocalar evində gördükləri epizodlardan vaz keçə bilməməsi ekran əsərinin sənədlilik əmsalını artırdı. Ssenarinin - filmin həyat deyil, həyata bənzər model olduğunu nəzərə alsaq, real mühitin və personajların ekrana gəlişinin naturalizm yaratması təbiidir. İlk epizodda avtobusdan düşüb soruşaraq üz tutduğu qocalar evində gəncliyində itirdiyi sevgilisi Lətifəni tapacaq Kərim əsas dramaturji hadisədən kənarda qalmaqla ən azı mətn çatışmazlığı ucbatından səbəb-nəticə əlaqəsi sayılan süjet kontekstində mövcud olsa da, mühitin ilkin təqdimatında mühüm rol oynayır. Kapitanın yaddaşsızlıq ucbatından itirdiyi min manatın tapılması üçün keçmiş sahə müvəkkili Qəmbərlə onun əlaltısı Tapdığın cinayətkarın tutulması üçün əməliyyat cəhdləri komediya elementlərini üzə çıxarır. Bununla belə, detektiv janrının Hamletsayağı modeli tamaşaçının ekranda baş verənlərə diqqət kəsilməsinə şərait yaradır və bu axtarışda iştirak edən personajların fabula çərçivəsindəki mövcudluğu hadisəliliyi artırır. Obrazlı desək, fabula onurğasına birləşməyən süjet qabırğaları hadisəliliyin səngiməsinə səbəb olur.
Filmin strukturundakı personajların taleyi, dramaturji əsaslarla izlənilməsə də, müxtəlif taleli insanların ömrünün son dövrünü başa vurmaq üçün sığındıqları, bir çoxlarının buradan qurtulacaqlarına inandıqları bu mühit əslində məhkumluq fonunda daha geniş sosial müşküllərin üzərinə işıq salır. Əsas dramaturji hadisə yetərincə yüksək təqaüd və rütbə pulu alan keçmiş gəmi kapitanının itirilmiş min manatının axtarışı üzərində qurulur və komediya janrının diktəsi axtarış prosesini oyuna çevirdiyindən real mühitin irreallığı-şərtiliyi tələb olunur. İndiki halda istər-istəməz önə keçən sosial reallıq isə komediya janrını qabartmalı olan personajların münasibəti sisteminə qovuşa bilmir.
Digər tərəfdən, filmdə postmodernizmə xas rişxəndin, kinayənin üzə çıxması, cinayətkarı tapmaq üçün Çingiz Abdullayevin detektiv kitablarının oxunması cəhdi, əyalət təfəkkürünü önə çəkən sentimentalizmin təzahürü, qəzəlxanlığın ələ salınması, dərzinin Rəşid Behbudov, Süleyman Rüstəm, Şövkət Ələkbərova kimi məşhurlara kostyum, palto tikməsilə davamlı olaraq öyünməsi, kişilərin idman təlimçisinə vurulması, oğlunun, nəvələrinin Nənə ilə görüşə gəlməsi və s. süjet kontekstində mövcud olduğundan əsas hadisəlik prinsipindən kənarda qalır. Davudun mövzu fantaziyasında polislərin gətirdiyi itin “cinayətkarı” tapması belə həmin səbəbdən hadisəlilik yarada bilmir. Halbuki rejissor Fikrət Əliyevin kino debütündə - ”Baladadaşın ilk məhəbbəti” filminin fabula mexanizminə işləyən, çimərlik geyiminin kirayə götürülməsi ilə bağlı mövzu fantaziyası kino tariximizin ən maraqlı epizodlarındandır.
Finalda axırıncı dayanacaqda avtobusdan düşüb qocalar evini soruşan növbəti yaşlı personajın simvolik səciyyə daşıması fonunda, meydançada qarmonçu Genaya əlli manat verib çaldırdığı musiqi altında rəqs edənlərə qoşulmaqla gözönü hadisədə dəyişən yeganə personajın - Kapitanın maddi dünyanın əhəmiyyətsizliyini dərk etməsi mənəviyyatın maddiyat üzərində qələbəsini göstərə bilir.
Müəllifi səciyyələndirən fərdi, peşəkar üslubdan fərqli olaraq, materialı qabardan janr məfhumu mühitin diktəsinə müqavimət göstərdiyindən, bədii personajların real mühitinin ekrana köçürülməsi prosesində tarazlığın pozulması istər-istəməz qaçılmaz olur. Üstəlik filmdə komediya, detektiv, melodrama elementlərinin qarışması gerçəkliyin obrazlı modeli sayılan janr təyinatının dağınıqlığı, keçid dövrünə xas olan növbəti göstəricini gündəmə gətirir. Bununla da, sosial məsuliyyətini dərk edən müəlliflərin mühit-personaj əlaqələrinin acınacaqlı mənzərələrini süjet kontekstində olsa belə, ekrana gətirmələri az qala senzor funksiyasını üzərinə götürməyə cəhd göstərən məmur kinosunun həyata davamsızlığının təsdiqinə çevrilir.

“Bu filmdə görmək istədiyim hər şey var...”

Şəbnəm Xeyrulla (gənc ssenarist, yazıçı):
- Filmi izləməmişdən öncə haqqında eşitmişdim. Məzmunu ilə maraqlandıqda “qocalar evi haqqındadır” fikrini eşidib vaxtından qabaq dəyərləndirmə də etmişdim. Bir sözlə, özümü sentimental bir film izləməyə hazırlamışdım. Lakin gördüklərim düşüncəmi alt-üst etdi və buna yalnız sevindim. Bu filmdə görmək istədiyim hər şey var: səmimi insan münasibətləri, detektivə parodik yanaşma, əla yumor hissi və hətta mənim kimi gözləntidə olanlar üçün kövrəldici məqamlar.
Bakı mühitinə xas olan zarafatlar, yumor ahılların dilində olduqca səmimi və şirin səslənir. İlqar Fəhminin yaradıcılığına bələd olan bir oxucu kimi anlayıram ki, bütün bunlar məhz ssenari müəllifinin ustalığının nəticəsidir. Baxdıqca istər-istəməz beynimdən bir sual keçirdi: “Görəsən, ölkəmizdə fəaliyyət göstərən bu tip müəssisələrdə, doğrudan da, belə səmimi atmosfer hökm sürür?”
Yalnız bircə dəfə izlədiyimə baxmayaraq, artıq dilimə düşmüş frazalar göstərir ki, film uğurlu alınıb. Bu film şəxsən mənim üçün aktyorlarımızdan Arif Quliyev və Qorxmaz Əlilicanzadənin yenidən kəşfi oldu. Fuad Poladovun vəziyyətə uyğun ifrat ciddiliyi isə özü-özlüyündə ayrıca bir ustalıqdır. Aktyorlarımızı bu şəkildə bizə təqdim edə bildiyi üçün filmin rejissoruna xüsusi təşəkkür düşür. Ümumiyyətlə, “Axırıncı dayanacaq”da hər kəs təşəkkürə layiq iş görüb. Ona görə də inanıram ki, bu film onlar üçün axırıncı dayanacaq olmayacaq.

Gündəlik həyatın bozluğunda vacib fəlsəfi suallar səslənir

Sevda Sultanova (kinotənqidçi):
- “Axırıncı dayanacağ”ı janrına görə yalnız komediya adlandırmaq olmaz. Rejissor janrların eklektikasından istifadə edərək maraqlı ekran əsəri çəkib. F.Əliyev artıq yüz dəfə eşitdiyimiz klişe dialoqları, sovet aktyorluq məktəbinin köhnə-kürüş ifa tərzini - dram, melodram, fars, faciə, detektiv, komediya janrlarının kokteylindən yaratdığı postmodern filmdə korrektələrlə təqdim edir. Rejissor ustalıqla müxtəlif obrazlar, xarakterlər qalereyası yaradıb. Qocalar evində biz müxtəlif taleyi olan adamların minimalist situasiyalar vasitəsilə kollajvarı həyat hekayətinin təsvirini görürük. Əhvalatın ana - detektiv xətti başlıca məqsəd deyil, bu həm də qocaların dünyasını, tənhalığını, ötüb keçən gəncliyə xiffətini göstərmək üçün bir fənddir. Ona görə film həm də ciddi, azərbaycansayağı ekzistensial dramdır. Müxtəlif insan talelərindən hörülmüş mozaik filmdə daha bir postmodern fəndi əvvəldə görürük. Fürsətdən istifadə edib, peşəkar operator Kənan Məmmədovun işini xüsusi qeyd edərdim. K.Məmmədov ekstremal rakursları, maraqlı baxış bucaqları seçir və görüntülərdəki psixologizm tamaşaçıya obrazların mahiyyətinə enməyə yardım edir.
Rejissorun müraciət etdiyi ironiya postmodernizmin daha bir vacib detalıdır. Postmodern romanda ironiya müxtəlif dil oyunları vasitəsilə edilirsə, “Axırıncı dayanacaq”da bu, çoxplanlılıq vasitəsilə həyata keçirilir. Rejissorun cəsarətli addımlarından biri də dramatik obrazlar ifaçısı kimi tanınan, son illərdə çəkildiyi filmlərdə monoton oynayan Fuad Poladovun xırda-para düzəlişlərlə komediya kontekstində yerləşdirməsidir. Film sıravi azərbaycanlının təsəvvüründə xoşagəlməz assosiasiyalar doğuran qocalar evini Edəm kimi təsvir edir və adam istər-istəməz ömrünün qalanını orda başa vurmaq istəyir. Rejissor və ssenarist adi, bəsit, gündəlik həyatın bozluğunda vacib fəlsəfi suallar da verir: “Niyə qocalırıq?”, “Qocalıq nədir?”, “Qocalmağa dəyərmi?..

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar