Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində Qarabağ həqiqətlərindən bəhs edən “Dolu” filmi nümayiş olunub. Kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərovun yazıçı-publisist, millət vəkili Aqil Abbasın eyniadlı romanı əsasında çəkdiyi ekran əsəri 2012-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alıb.
Film Qarabağ müharibəsində vətən yolunda son nəfəsinədək döyüşən Azərbaycan oğullarının şücaətindən bəhs edir. Quruluşçu operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Xalq artisti Polad Bülbüloğludur. Rollarda xalq artistləri Məmməd Səfa, Şamil Süleymanov, əməkdar artistlər Pərviz Bağırov, Fərhad İsrafilov və başqaları çəkilib.
Filmin nümayişindən sonra əsas rollardan birini – tabor komandirini canlandıran Xalq artisti Məmməd Səfa əsgərlərin ekran əsəri ilə bağlı suallarını cavablandırıb.
Bədii filmin nümayişi və filmin əsas qəhrəmanlarından birini oynayan aktyorla görüş şəxsi heyətdə böyük ruh yüksəkliyi yaradıb.