Azərbaycan
11 avqust 1973 – Şair, dramaturq, Əməkdar incəsənət xadimi Zeynal Rza oğlu Xəlil (23.3.1914 – 1973) vəfat edib. “Düşüncələr”, “Bənövşə”, “Günəş, dəniz və insan” və s. şeir kitabları, “Ulduzlar” mənzum romanı, pyeslərin müəllifidir.
12 avqust 1880 – Tanınmış dilçi alim, jurnalist Fərhad Rasim oğlu Ağazadə (1880-1931) anadan olub.
12 avqust 1921 – Yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Ələviyyə Hənifə qızı Babayeva (1921 – 23.9.2014) anadan olub. “Haradasan, dost, harada?”, “Adamlar və talelər”, “Sönmüş ulduzların işığı” və s. romanların müəllifidir. Uşaq və gənclərin həyatından bəhs edən əsərləri xarici dillərə tərcümə olunub.
12 avqust 1923 – Tərcüməçi Kamil Həsən oğlu Məmmədov (1923-1989) Bakıda anadan olub. SSRİ xalqları ədəbiyyatından tərcümə etdiyi pyeslər teatrlarda tamaşaya qoyulub.
12 avqust 1926 – Xalq şairi Qabil (Qabil Allahverdi oğlu İmamverdiyev; 1926 - 3.4. 2007) anadan olub. Kitabları: “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri”, “İlahi qisməti” və s.
14 avqust 1923 – Ədəbiyyatşünas, akademik, Dövlət mükafatı laureatı Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923 – 20.1.2006) anadan olub. “Ədəbi irs və varislər”, “Azərbaycan ədəbi tənqidinin tarixi” və s. monoqrafiyaların müəllifidir.
14 avqust 1933 – Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) Bakıda anadan olub. 30-dək kitabın müəllifidir. Sözlərinə populyar mahnılar bəstələnib.
15 avqust 1832 – Görkəmli şairə Xurşudbanu Natəvan (1832-1897) Şuşada doğulub (bəzi mənbələrdə doğum günü 6 avqust göstərilir). Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Şuşada “Məclisi-üns” ədəbi birliyinin yaradıcısı olub. Qəzəlləri klassik Azərbaycan poeziyasında xüsusi yer tutur.
16 avqust 1925 – Xalq şairi, dramaturq Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925 – 13.2.2009) Şəkidə anadan olub. 20-dək poema, 10 dram əsəri (“Vicdan”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” və s.) yazıb. Milli Məclisin deputatı (1995-2000) olub.
16 avqust 1925 – Yazıçı-dramaturq, ədəbiyyatşünas, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925 - 24.5.1967) Bakıda doğulub. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu” pyeslərinin müəllifidir.
16 avqust 1936 – Filosof-alim, AMEA-nın müxbir üzvü Zakir Cabbar oğlu Məmmədov (Baharlı; 1936 – 2.3.2003) Ağdamda doğulub. “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir”, “Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri” və s. kitabların müəllifidir.
16 avqust 1998 – Xalq yazıçısı Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov; 25.12.1935 – 1998) vəfat edib. “Qətl günü” romanının (və eyniadlı kinossenarinin), “220 saylı otaq”, “Qalaktika” kitablarının müəllifidir. Milli Məclisin deputatı (1995-1998) olub.
17 avqust 1933 – Ədəbiyyatşünas alim, professor Şamil Məmməd oğlu Salmanov (1933-2006) anadan olub.
17 avqust 1942 – Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev (1942 – 25.10.2008) Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Helsinki (1962) dünya tələbə festivalının laureatı, Kann (1968) və Sopot (1969) mahnı müsabiqələrinin qalibi olub. “Nizami” filmində baş rola çəkilib.
17 avqust 1943 – Xalq artisti, müğənni İlhamə Məzahir qızı Quliyeva (1943 – 25.2.2016) anadan olub. Azərbaycan Televiziyası və Radiosu estrada orkestrinin, Dövlət Filarmoniyasının solisti olub.
17 avqust 1958 – Musiqişünas, sənətşünaslıq namizədi Aytəkin Tofiq qızı Həsənova (1958-2012) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri olub.
18 avqust 1991 – Görkəmli dilçi və ədəbiyyatşünas, tərcüməçi, pedaqoq Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 5.5.1905 – 1991) vəfat edib.
19 avqust 1901 – Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə (1901 – 11.11.1951) anadan olub. Opera və Balet Teatrında “Koroğlu”, “Arşın mal alan” tamaşalarını səhnələşdirib. “Qız qalası”, “Almaz” filmlərində çəkilib.
19 avqust 1912 – Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (1912 – 13.7.2001) Qazax rayonunun Musaköy kəndində doğulub. “Məhəbbət”, “Partizan Aliyə”, “Ana ürəyi” poemaları, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli” və s. kitabların müəllifidir. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.
19 avqust 1920 – Əməkdar incəsənət xadimi, musiqişünas Lyudmila Vladimirovna Karagiçeva-Bretanitskaya (1920-2015) anadan olub. Bakı Musiqi Akademiyasında dərs deyib. Azərbaycan bəstəkarlarının yaradıcılığına dair tədqiqatların müəllifidir.
Dünya
11 avqust 1748 – Alman bəstəkarı Yozef Şuster (Joseph Schuster; 1748-1812) anadan olub.
11 avqust 1921 – Amerika yazıçısı Aleks Heyli (Alexander Murray Palmer Haley; 1921-1992) anadan olub. Avtobioqrafik “Köklər” romanı ilə dünya şöhrəti qazanıb.
12 avqust 1866 – İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1922) laureatı Xasinto Benavente-i-Martines (Jacinto Benavente Martinez; 1866-1954) anadan olub. “Qubernatorun xanımı”, “Şənbə gecəsi”, “Yaxşı məhəbbətin dərsləri” və s. pyeslərin müəllifidir.
13 avqust 1899 – Amerika rejissoru, “Oskar” mükafatları laureatı Alfred Hiçkok (Alfred Joseph Hitchcock; 1899-1980) anadan olub. Filmləri: “Quşlar”, “Naməlum insanlar qatarda”, “39 pillə” və s.
14 avqust 1866 – Rus yazıçısı, şair, filosof Dmitri Merejkovski (1866-1941) anadan olub. Rus ədəbiyyatında simvolizmin banilərindən biri, tarixi-fəlsəfi roman janrının (“Xristos və Antixrist” trilogiyası və s.) yaradıcısıdır. 1919-cu ildən mühacirətdə yaşayıb.
14 avqust 1867 – İngilis yazıçısı, dramaturq və şair, ədəbiyyat üzrə Nobel mükafatı (1932) laureatı Con Qolsuorsi (John Galsworthy; 1867-1933) anadan olub. “Forsaytlar haqqında saqa” trilogiyası, “Gümüş qutu” pyesi və s. əsərlərin müəllifidir.
15 avqust 1771 – Şotland yazıçısı, şair, tarixçi Valter Skott (Walter Scott; 1771-1832) anadan olub. Tarixi roman janrının banisidir. Əsərləri: “Edinburq həbsxanası”, “Ayvenqo”, “Kventin Dorvard”, “Marmion” (mənzum roman) və s.
15 avqust 1890 – Fransız bəstəkarı Jak İber (Jacques François Antoine Ibert; 1890-1962) anadan olub. Əsərləri: “Anjelika”, “Kral İveto” operaları, “Səyyah cəngavər” baleti və s.
16 avqust 1902 – Rus şərqşünas alimi, sənətşünas və etnoqraf Yuri Rerix (1902-1960) anadan olub.
17 avqust 1932 – Hind əsilli yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2001) Vidiadxar Suracprosad Naypol (1932-2018) Trinidad və Tobaqoda anadan olub. Ömrünün böyük hissəsini İngiltərədə yaşayıb.
17 avqust 1935 – Rus teatr və kino aktyoru, rejissor, SSRİ Xalq artisti Oleq Tabakov (1935 – 12.3.2018) anadan olub. Çexov adına Moskva Bədaye Teatrına rəhbərlik edib. 100-dən çox filmdə çəkilib: “Hərb və sülh”, “D’Artanyan və üç muşketyor”, “Baharın on yeddi anı” və s.
18 avqust 1850 – Böyük fransız yazıçısı Onore de Balzak (Honore de Balzac; 20.5.1799 - 1850) vəfat edib. “Bəşəri komediya” silsiləsindən əsərləri (“Şaqren dərisi”, “Qorio ata”, “Sezar Biroto”, «İtirilmiş illüziyalar» və s. romanlar) ilə şöhrət qazanıb.
19 avqust 1689 – İngilis yazıçısı, sentimentalizmin banilərindən biri Semuel Riçardson (Samuel Richardson; 1689-1761) anadan olub. “Pamela”, “Klarissa”, “Çarlz Qrandison” epistolyar romanlarının müəllifidir.
Hazırladı: Vüqar ORXAN