Ətrafdakı insanların heç biri onu tanıya bilməyib
Hollivudun ən məşhur kinorejissorlarından olan Kventin Tarantino yeni çəkdiyi “Bir dəfə Hollivudda” filminin premyerası çərçivəsində Rusiya paytaxtına gəlib.
Moskvanın görməli yerlərini gəzən Tarantino Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskinin müşayiəti ilə Qızıl meydanda və Kremldə olub.
Maraqlıdır ki, sadə geyinmiş dünya şöhrətli kinorejissoru ətrafdakı insanların heç biri tanıya bilməyib, təkcə çinli bir turist ona yaxınlaşıb və şelfi çəkdirmək istədiyini deyib.
“Moskva-Kremli” mədəniyyət qoruğunda olan kinorejissor “Çar-top” və Kreml zənglərinə heyranlığını gizlətməyib və mədəniyyət nazirinə maraqlı sualla müraciət edib: “Kremldə, yaxud onun yaxınlığında dəfn edilmək üçün nə etmək lazım idi?”. Nazir cavab verib ki, bunun üçün ən azı çar ailəsinə mənsub olmaq tələb olunurdu. Tarantino daha bir sual verib: “Amerikalı müğənni Din Ridin də Kreml divarları yanında dəfn edilməsi doğrudurmu?” Medinski bildirib ki, orada Din Rid deyil, yazıçı Con Rid (Oktyabr inqilabını tərənnüm edən “Dünyanı sarsıdan on gün” kitabının müəllifi – red.) dəfn edilib.
Kventin Tarantino daha sonra Kremlin trestavrasiyası işləri ilə tanış olub.
Avqustun 7-də prodüserlər Şennon Makintoş və Devid Heymanla birlikdə mətbuat konfransı keçirən rejissor “Bir dəfə Hollivudda” filmindən sonra sayca onuncu və özünün sonuncu filmini çəkmək istədiyini deyib: “Mən filmlərimin bütün məntiqini tamamlayacaq superfilm çəkmək istəyirəm. Ola bilsin, bu, sonuncu film olacaq və əvvəlki filmlərimin zirvəsinə çevriləcək”.
Tarantino deyib ki, yeni filmini hansı mövzuda çəkəcəyini hələlik bilmir. Lakin o vurğulayıb ki, filmlərində həmişə eyni əhvalatı danışıb.
“Bir dəfə Hollivudda” filmi Rusiyada avqustun 8-də prokata çıxarılıb. May ayında Kann festivalında nümayiş etdirilən film, gözləntilərin əksinə olaraq, mükafat qazana bilməmişdi.