Azərbaycan-İtaliya arxeoloji ekspedisiyası bölgədəki kurqanları tədqiq edir
Gəncə və Goranboy ərazisində Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlara başlayıb. Ekspedisiyanın Azərbaycan tərəfindən rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və İtaliya tərəfindən rəhbəri Qədim Aralıq dənizi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES ) departament müdiri, Kataniya Universitetinin professoru Nikola Laneridir.
İnstitutdan bildiriblər ki, beynəlxalq ekspedisiya ötən il Gəncə şəhəri ətrafındakı Son Tunc - Erkən Dəmir dövrünə və Goranboy rayonu Qaradağlı kəndi ərazisində aşkar edilən Erkən Tunc dövrünə aid kurqanların ilkin tədqiqatını aparıb. Bu il hər iki abidədə tədqiqatlar davam etdirilir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov professor Nikola Lanerini qəbul edib.
İtalyan alim Gəncə şəhəri ətrafında aparılan tədqiqatlar zamanı burada açıq havada kurqanlardan ibarət arxeoloji parkın yaradılması üçün əlverişli şərait olduğunu bildirib. O, arxeoparkın yaradılmasının yerli əhali ilə bərabər turistlərin də diqqətini çəkə biləcəyini söyləyib.
Niyazi Bayramov Gəncənin qədim tarixə malik olduğunu qonaqların nəzərinə çatdırıb. Sonda açıq səma altında arxeoloji muzey sərgisinin yaradılması barədə razılıq əldə olunub.