Milli Kitabxanada Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, BDU-nun doktorantı, gənc yazar Ülvi Aydının “Eşqin səsi” kitabının təqdimatı və imza mərasimi keçirilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayıb, kitabxananın ən fəal oxucularından olan Ülvi Aydının yaradıcılığından danışıb. Bildirib ki, müəllifin bundan öncə “Təmənnasız qan”, “Düşünək gərək”, “Çağlayan sevgi” adlı kitabları çapdan çıxıb. Direktor ürəkdən gələn hisslərini vərəqə köçürən, şeir, qəzəl, hekayələr müəllifi kimi tanınan gənc yazara yeni yaradıcılıq uğurları arzulayıb.
Şair Zəkəriyyə Qurbanov, BDU-nun əməkdaşı, kitabın korrektoru Gülnar Axundova da yazara xoş diləklərini çatdırıblar.
Gənc yazarın ailə üzvləri çıxış edərək kitabxananın rəhbərliyinə tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Sonda gənc yazar Milli Kitabxanada daim oxucu kimi xoş münasibət gördüyünü, burada ona həm elmi, həm də bədii yaradıcılığının inkişafına yaxından kömək olduqlarını bildirib, kitabxana haqqında yazdığı şeirini oxuyub.
Sonda müəllif şeirlərini səsləndirib, imzası ilə kitablarını oxuculara təqdim edib və onlarla xatirə şəkli çəkdirib.