Bakı Uşaq Teatrının “Günay” teatr-studiyası avqustun 18-19-da Latviyada keçirilən “AMBERSTAR 2019” beynəlxalq incəsənət müsabiqəsində iştirak edib. Müsabiqə müxtəlif ölkələrdən gənc istedadların iştirakı ilə Riqa-Stokholm-Riqa kruiz turu ilə səyahət edən gəmidə keçirilib.
Müsabiqədən əvvəl “Günay” studiyasının gənc artistləri Riqa şəhərində tamaşa-konsert proqramı ilə çıxış ediblər. Tədbir Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi və Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Koordinasiya Şurasının üzvü Elnur Rəhimovun təşkilatçılığı ilə Latviya Universitetinin kitabxanasında gerçəkləşib. Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə Azərbaycanın zəngin teatr ənənələri və musiqi mədəniyyəti barədə tamaşaçılara məlumat verib, teatr sənətinin gənclərin estetik tərbiyəsinin formalaşmasında rolundan bəhs edib, bu istiqamətdə “Günay” teatr-studiyasının fəaliyyətini yüksək qiymətləndirib.
“Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Roman Əliyev tədbirin xalqımızın tarixi-mədəni irsinin təbliği baxımından əhəmiyyətini vurğulayıb.
Teatr-studiyasının rəhbəri Larisa Tarusova studiyanın fəaliyyəti və gənc artistləri barədə təqdimat edib.
Konsert zamanı Azərbaycanın milli rəqs və musiqi nümunələri ifa edilib, şeirlər səsləndirilib. “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında səhnələşdirilmiş “Üç tonqal” tamaşası və “Arşın mal alan” operettasından qızların yaylıqla rəqsi xüsusilə maraq doğurub.
Proqramın yekununda çıxış edən tədbirin əsas təşkilatçısı Elnur Rəhimov “Günay” studiyasının gənc istedadlarına öz təşəkkürünü bildirib, xalqımızın tarixi, milli və mənəvi dəyərlərinin təbliğində bütün soydaşlarımıza uğurlar arzu edib.
Konsert proqramından sonra qonaqlar Azərbaycanın milli mətbəx nümunələrinin dadına baxıblar.