24-30 avqust tarixində Yunanıstanın paytaxtı Afinada illik Dünya Kitabxana və Məlumat Konqresi – Kitabxana Assosiasiyaları və İnstitutlarının Beynəlxalq Federasiyasının (İFLA) 85-ci Baş konfransı və Assambleya toplantısı keçirilir.
140 ölkədən nümayəndələrin qatıldığı konqresdə açıq sessiyalar, plenar iclaslar, seminarlar, kitabxana materiallarının, audiovizual avadanlıqların və kompüter sistemlərinin sərgiləri təşkil edilib.
“Kitabxanalar: dəyişiklik naminə dialoq” mövzusunda İFLA konfransının açılış mərasimində Yunanıstan Milli Kitabxanasının baş direktoru Filippos Tsimpoglu və digər rəsmilər iştirakçıları salamlayıblar. İFLA prezidenti Qloriya Perez-Salmeron açılış nitqi ilə çıxış edib. Tədbirdə, həmçinin İFLA baş katibi Gerald Leytner və Afina Universitetinin professoru Lukas Tsoukalis çıxış ediblər.
Ölkəmizi konqresdə Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova təmsil edir. Ədibə İsmayılova İFLA Biblioqrafiya bölməsinin Daimi komitəsinə 2019-2023-cü il müddəti üçün üzv seçilib. O, avqustun 24-də ilk Daimi komitə iclasında, konfrans ərəfəsində komitə tərəfindən təşkil edilmiş biblioqrafiya seminarında, digər tədbirlərdə iştirak edib. Direktor müavini, həmçinin İFLA çərçivəsində MDB kitabxana nümayəndələrinin illik regional görüşünə də qatılıb.
Ədibə İsmayılova Argentina Milli Kitabxanasının direktoru Elsa Barberlə görüşüb. Görüşdə gələcək əməkdaşlıq üçün Azərbaycan Milli Kitabxanası ilə Argentina Milli Kitabxanası arasında imzalanacaq anlaşma memorandumunun mövzusu müzakirə edilib. Xanım Elsa Barber Azərbaycan Milli Kitabxanasının rəhbərliyi adından sentyabrın 27-dən 29-dək Bakıda keçiriləcək “Milli kitabxanalar mobil informasiya mərkəzi kimi” adlı Beynəlxalq konfransa dəvət edilib.