Ötən illərin filmləri


Kino salnaməmizin incisi

Dahi bəstəkar Üzeyir Hacıbəyli 1913-cü ildə yazdığı “Arşın mal alan” operettasının həm teatr səhnələrində, həm də kino ekranlarında möhtəşəm sənət tarixi var. 1945-ci ildə Bakı kinostudiyasında ərsəyə gələn film bu sırada xüsusi yer tutur. Kino salnaməmizin incisi olan, onlarla dilə dublyaj olunan, 100-dən çox ölkədə nümayiş etdirilən filmin 70 illiyi ilə bağlı tarixə nəzər salmaq qərarına gəldik. Bu vəsilə ilə eyni zamanda milli kinematoqrafiyamızın dəyərli nümunələri sayılan yubilyar filmlərimizlə bağlı silsilə yazılara başlayırıq. Beləliklə, “Ötən illərin filmləri” silsiləsindən ilk olaraq 70 yaşlı “Arşın mal alan”dan söz açacağıq.

İnqilabdan əvvəlki həyatı işıqlı dövr kimi göstərən film

Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayevin fikrincə, bu filmin sovet kinosunda çox böyük rolu olub. Düzdür, Üzeyir bəyin məşhur operettası SSRİ-də ekranlaşdırılmazdan öncə ermənilər Amerikada buna cəhd etmişdilər. Təbii ki, bəlli xislətlərinə uyğun olaraq heç bir yerdə dahi bəstəkarı adını çəkməmişdilər. Bundan xəbər tutan Üzeyir bəy respublikanın rəhbəri Mircəfər Bağırovun razılığı ilə Stalinə məktub yazır və “Arşın mal alan” filminin çəkilməsinə icazə istəyir. Nəhayət, film çəkilir və dünya kino ictimaiyyəti əsərin həqiqi müəllifini tanıyır.
Kinoşünasın sözlərinə görə, sovet tarixini bilən hər bir insan üçün bu film çox təəccüblü görünə bilər. Çünki “Arşın mala alan” sovet kino tarixində yeganə film idi ki, orada 1917-ci ilin Oktyabr inqilabından əvvəlki həyat sinfi mübarizələrlə dolu, faciəvi həyat kimi deyil, xoşbəxt bir dünya kimi əks olunub. Filmdə zadəgan, yeni burjuaziya və yoxsul təbəqə təsvir edilib. Bunlar arasında heç bir ziddiyyət yoxdur və film boyunca hər üç təbəqə vəhdət təşkil edir. Üzeyir bəy də milləti bütöv görmək istəyirdi. Filmin finalında fərqli zümrələrdən olan insanların dörd toy mərasiminin eyni vaxtda keçirilməsi bu vəhdətin təcəssümü idi.
Həmsöhbətim deyir ki, film bədii şurada böyük qalmaqal yaratmışdı, ekran əsərini qadağan etmək istəyirdilər. Söz-söhbət o qədər böyümüşdü ki, dünya kinosunun dahilərindən sayılan rejissor Sergey Eyzenşteyn film haqqında məqalə yazmışdı. Mən bu məqaləni AMEA-nın Əlyazmalar İnstitutunun fondundan tapıb dərc etdirmişdim. Bu mövzuda Mixail Rommun və Eyzenşteynin xatirələri var. Bu xatirələr bir-biri ilə ziddiyyət təşkil edir. M.Rommun xatirələrinə görə, Eyzenşteyn filmi bəyənmirdi və guya bədii şurada filmin estetikasını XX əsrin əvvəlində Osmanlı meyxanalarının estetikasına bənzətmişdi. Amma Eyzenşteynin xatirələrində biz onun filmi müdafiə etdiyini görürük. O, filmin xoşbəxt sonluqla bitməsini dəstəkləyir. Bəlkə də filmə baxan hər kəs ani olaraq həmin dövrdə yaşamaq istəyir. Bu da filmin məhz xoşbəxt sonluqla bitməsi səbəbindəndir. O, deyirdi ki, film “Romeo və Cülyetta” kimi faciəvi sonluqla bitə bilməz. Film Şərq üçün ənənəvi bir süjetdir.
Eyzenşteyn isə öz xatirələrində yazır: “Bədii şurada yoldaş R. filmi sosioloji aspektdən atəşə tutub. O, filmin qəhrəmanlarının 1910-1911-ci illərin cavan tacirləri olduğuna və filmdə burjuaziya dövrünün ikrah doğurmadığı bir şəkildə təsvir edildiyinə görə tənqid edib. Söhbət bütün Şərq aləminin hər xırda detalına qədər bələd olduğu operettanın ekranlaşdırılmasından gedir. Odur ki, bu məşhur süjetin finalını dəyişib faciəvi etmək “Romeo və Cülyetta”ya xoşbəxt final yaratmağa bənzəyərdi. Bədii şurada yoldaş O. da filmin tərtibatındakı zövqsüzlüyü atəşə tutaraq filmin əleyhinə çıxış etdi. Çıxışçılar ekranda görmək istədikləri, ancaq görə bilmədikləri Şərqin gözəlliklərindən danışdılar. Məncə, onlar öz iradlarında haqsızdırlar. Qoyun dərisindən olan papaqla uzlaşan qara frak, avropasayağı şlyapa ilə uzlaşan ağ kostyumun fonunda qara qafqazlı bığları, Sandunov hamamı zövqündə zal - bütün bunlar quruluşçu rejissor zövqünün çatışmazlığı deyil, 1910-cu illərdə Bakı ticarət mühitinin əsl obrazıdır. Hücumlar daha çox artistlərin ifa tərzinə qarşı yönəlib. Amma Şərq aktyorunun ifa tərzindəki ənənəviliyi nəzərə alsaq, bunu çox mühakimə etmək ciddi olmazdı. “Arşın mal alan”da musiqini bütünlüklə duya bilirik. Aktyorların ifa tərzinə gəldikdə isə bizə şərti görünən ifa tərzi Şərq üçün şərti deyil, təbiidir. Forma etibarilə milli, özünəməxsus bu filmi bizim ölçülərlə mühakimə etmək dibindən yanlışdır”.

“Kadrlarda gözə dəyən nə varsa, hamısı təbiidir”

Əməkdar incəsənət xadimi, tanınmış kino tədqiqatçısı Aydın Kazımzadə “Arşın mal alan” filminin ilk dəfə hələ 1916-cı ildə ekranlaşdırıldığını deyir. Onun sözlərinə görə, rejissor Boris Svetlov operettanın tamaşasına baxdıqdan sonra eyniadlı film çəkmək qərarına gəlib və səhnə əsərində rol alan aktyorların hamısını çəkilişə dəvət edib. Amma həmin film uğursuz alınmışdı və Üzeyir bəy də onu bəyənməmişdi. Bu əsərin ekran təcəssümü ilə qazanılan gerçək uğuru 1945-ci ildə ekranlaşdırılan film oldu. Filmin ssenari müəllifi Sabit Rəhman, rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada bildilər.
Filmin ekranlara çıxdığı 1945-ci ildə ona 16 milyon tamaşaçı baxıb. Ekran əsərinin möhtəşəm uğur qazandığını və böyük gəlir gətirdiyini görən “Soveksportfilm” dövlət təşkilatı 20 ildən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına “Arşın mal alan”ın yeni, rəngli, genişekranlı variantını istehsal etməyi sifariş verir. Beləliklə, 1965-ci ildə bəstəkar Ü.Hacıbəylinin operettası rejissor Tofiq Tağızadə tərəfindən ekranlaşdırılır. Lakin bu variant əvvəlki qədər uğur qazana bilmir.
1945-ci ilin “Arşın mal alan”ı Rəşid Behbudov başda olmaqla, korifey sənətkarların iştirakı ilə ərsəyə gəlmişdi. Soltan bəy obrazını oynayan Ələkbər Hüseynzadə filmdən əvvəl 600 dəfə səhnədə bu obraza həyat verib. Film Rəşid Behbudov və Lütfəli Abdullayevin kinoda ilk işidir. Kadrlarda gözə dəyən nə varsa, hamısı təbiidir. Bu filmdə, ümumiyyətlə, butaforiyadan istifadə edilməyib. Qızıl, bəzək əşyalarından tutmuş bütün ev əşyalarına qədər hər şey təbiidir. Rəşid Behbudov xatırlayırdı ki, çəkilişlərdə istifadə olunan qiymətli əşyalar muzeydən və xüsusi elanlarla əhalidən çəkiliş müddətinə götürülmüşdü.

Dünyanı gəzən “Arşın mal alan”

“Arşın mal alan” keçmiş SSRİ və dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirilib. Bu filmə görə rejissorlar Rza Təhmasib və Leşşenko, bəstəkar Üzeyir Hacıbəyli, aktyorlardan Rəşid Behbudov (Əsgər), Leyla Bədirbəyli (Gülçöhrə), Ələkbər Hüseynzadə (Soltan bəy), Münəvvər Kələntərli (Cahan xala) və Lütfəli Abdullayev (Vəli) 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görüldülər. Filmin quruluşçu operatorları Əlisəttar Atakişiyev, Muxtar Dadaşov, quruluşçu rəssam Yuri Şvets, səs operatoru Ağahüseyn Kərimov, ikinci rejissor İsmayıl Əfəndiyev, musiqi redaktoru və tərtibatçısı Niyazi, ikinci rəssam Ağamehdi Qumriyev, geyim rəssamı İsmayıl Axundov, xoreoqrafiya müəllifi Əlibaba Abdullayev olub.
İki dildə 6 milyon rubla başa gələn film 1946-1948-ci illərdə SSRİ büdcəsinə 5 milyard rubldan artıq gəlir gətirib. 86 dilə dublyaj olunan film 136 ölkədə nümayiş etdirilib.
50-ci illərdə çəkilən kinofilmlərimizdə “Arşın mal alan” ab-havası hiss olunurdu. Bu gün də maraqla baxılan “O olmasın, bu olsun”, “Bəxtiyar” və s. filmlərdə “Arşın mal alan”ın təsirlərini görmək mümkün idi.

Ağ-qara filmin rəngli həyatı

2013-cü ildə film Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya kino sənayesinin əsas mərkəzi olan “Hollivud”da bərpa edilərək rəngli formatda hazırlanıb. Doqquz ay ərzində həyata keçirilən bu layihə üzərində müxtəlif ölkələrdən 150 nəfərlik heyət çalışıb. Onların arasında “Oskar” mükafatına layiq görülmüş peşəkar mütəxəssislərlə yanaşı, Azərbaycanın kino işçiləri də olub. Bərpa prosesində Rəşid Behbudovun məlahətli səsinin və Üzeyir Hacıbəylinin ölməz musiqisinin mümkün qədər qorunub saxlanılmasına səy göstərilib.
Qeyd edək ki, filmin bərpaya yararlı olan nüsxəsinin axtarışına çıxanlar tozlu-torpaqlı arxivdə təsadüfən yeganə bir nüsxənin mövcudluğuna çox seviniblər. Həmin lent kinoteatrlarda saysız-hesabsız istismardan yararsız vəziyyətə düşüb.
Bu gün film öz ikinci həyatını yaşayır və hələ çox nəsillər Azərbaycan kinosunun inciləri sırasında yer alan bu möhtəşəm ekran əsərindən zövq alacaqlar.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar